"Prezidentimizin İraqa səfəri zamanı 20-dən çox müqavilənin imzalanması üçün ilkin razılaşmalar tamamlanıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin arici işlər naziri Hakan Fidan bildirib.

"İş uzun müddətdir ki, davam edir. Təhlükəsizlik, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil və digər sahələrdə çoxlu araşdırmalar aparılır.

Prezidentimizin İraqa səfəri zamanı 20-dən çox sazişin imzalanması üçün ilkin razılaşmalar tamamlandı. İnşallah sabah onlar orada olanda siyasi liderlərin iştirakı ilə bu müqavilələr imzalanacaq.

Səfər iki istiqamətli olacaq. Bağdad və Ərbil səfərləri var. Bağdadda prezidentimiz hökumət başçısı ilə görüşəcək, işgüzar görüş keçirəcək, sonra sazişlər imzalanacaq. O, İraq prezidenti ilə də görüşəcək", - Fidan əlavə edib.

***

11:55

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır. 

İqtisadiyyat.az Hürriyyət-ə istinadən xəbər verir ki, ən mühüm razılaşmalar Şimali İraqın PKK terrorçularından təmizlənməsi üçün birgə səylərə aid olacaq.

Nəşrin məlumatına görə, İraq Kürdüstanında Bağdad və Ərbildə keçirilən danışıqlarda həmçinin terrorizmlə mübarizə üçün formalaşdırılacaq birgə əməliyyat mərkəzinin strukturu və fəaliyyəti, Şimali İraqda 30-40 kilometr dərinlikdə daimi türk bazalarının yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Türkiyədə Ərdoğanın İraqa səfəri cənub sərhədlərində terror problemini həll etmək üçün əvvəlcədən elan edilmiş planlar kontekstində böyük diqqət çəkir. Yerli mətbuatın yazdığına görə, Ərdoğanın İraqa səfərindən sonra Türkiyə ordusu qonşu ölkənin şimalında böyük sərhəd əməliyyatı keçirə bilər. O, daha əvvəl bəyan etmişdi ki, yaya qədər Türkiyə İraqla bütün sərhəd xəttinə nəzarəti ələ keçirəcək.