Gələn ildən sahibkarlardan sığorta üzrə yığım 4% artacaq. İşçi 200 manata qədər əməkhaqqı alırsa, 3%DSMF, 0,5% İşsizlikdən Sığorta Fonduna, 2% tibbi sığortaya ödəniş edəcək. 200 manatdan yuxarı maaşda isə DSMF-a 3% yox 10% ödəyəcək. Sahibkar işçinin 200 manata qədəri üçün, 22%+0.5%+0.2%, 200 manatdan çox olan maaş üçün isə 22%+0.5%+2% məbləğində ödəniş həyata keçirəcək. Ancaq bu ödənişləri bütün işəgötürənlər edirmi? Statistik göstəricilərdən bəlli olur ki, işəgötürənlərin əksər hissəsi tələb olunan qaydaları yerinə yetirmir. Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov verdiyi açıqlamada bildirib ki, ötən ilə qədər bu, gəlir və sosial sığorta ödəməsi idi. Bu ildən isə artıq demək olar ki,həmin vergi tutulmur. Ona görə ki, işçinin 8 min manata qədər aldığı maaş vergidən azaddır.

“Vergidən yayınma halı  hələ də aradan qalxmayıb. Birincisi özəl sektorda ikili mühasibatlıq sistemi olması, ikincisi ümumiyyətlə əmək müqaviləsinin olmaması, üçüncü isə mülki-hüquqi  müqavilə bağlamaqla vergi və sosial ödəmə həcminin azaldılması vergidən yayınmalara səbəb olur. Təxmini deyə bilərəm ki, hər il milyard yarımlıq vergi ödənilmir. Götürsək ki, ölkədə 5 milyon məşğul insan var. Yalnız 1 milyon 300 min nəfərin əmək müqaviləsi var. Onun da 950 mini dövlət sektorudursa, 350 min özəl sektorda işləyir. 350 min nəfərin də əksəriyyəti hələ ikili mühasibatlıq müqaviləsidir. Bəs yerdə qalan işçi hardadır? Kimisi qeyri-formal əmək bazarındadır, kimisi mülki-hüquqi müqavilə bağlayıb. Başa düşürəm ki, ailə-kəndli təsərrüfatları da var, əslində məşğul olmayıb amma məşğul kimi qeyd olunanlar da var. Hər halda milyondan çox qeyri-formal əmək bazarının iştirakçısı var. Hökumət bu göstəricinin 33-35% olduğunu desə də, keçmiş ƏƏSMN naziri Səlim Müslümov bu rəqəmi 70% deyirdi. Hazırda göstərici 40-50% arasındadır. Ən çox müqaviləsiz işçi də tikinti, ticarət və iaşə xidmət sahələrindədir. Aydındır ki, aqrar sektorda əsas ailə-kəndli təsərrüfatıdır. Burada əmək müqaviləsi bağlamamaq da olar”.

Bu kimi halların qarşısının alınmasına gəldikdə isə Sahib Məmmədov bunları deyib- “Başqa mexanizmlər tətbiq olunmalıdır. Kompleks tədbirlər olmalıdır. Vergilər Nazirliyi situmullaşdırıcı tədbirlərdən istifadə edir. ƏƏSMN bu sahədə açığı hələki ciddi bir iş görməyib. Güman edirik ki, vergi məcəlləsinə olunan dəyişikliklər ilin sonuna kimi hansısa bir ciddi dönüş yaradacaq”.

Hüquqşunas Nicat Gözəlov məsələ ilə bağlı münasibət bildirərək, ödənişlərdən yayınma hallarına görə ağır cəzaların olduğunu qeyd edib.

“Sosial ödəmədən, işçiləri qeydiyyata almadan istismar edən sahibkarlar üçün inzibati xətalar məcəlləsində də, cinayət məcəlləsində də maddələr var. Əmək Qanunvericiliyinin Pozulmasına görə cəza İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində əks olunub. Maddə 192.1-də qeyd olunur ki, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçini istismar edən hüquqi şəxslər 25 min, vəzifəli şəxslər 5 min, fiziki şəxslər 2 min manatadək cərimə edilirlər. 192.4-cü maddəyə əsasən əmək haqlarının hesablanması və ödənilməsi zamanı qeydə alınan qanun pozuntularına görə, 700manatdan 1500 manatadək cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsində  162-1 maddəyə əsasən, əmək müqaviləsi olmadan işləyən işçilərin sayı 10 nəfərə qədərdirsə, inzibati xəta kimi cəlb etmək olur. Əgər 10 nəfərdən artıqdırsa, cinayət tərkibi yaradır. Bu zaman isə sahibkar, 10 min manatadək cərimə, 2 ilədək islah işləri, 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu istintaqı da Vergilər Nazirliyinin İstintaq idarəsi aparır. Əgər sahibkara əvvəl də bu kimi pozuntu ilə hökm oxunubsa və o məhkumluğu ödənilmədən təkrarən eyni cinayəti törətsə, 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırlır. Hər kəs dövlət qarşısındakı məsuliyyətini düşünməlidir. “Qara mühasibatlığı” aparmaq lazım deyil.”

Mehman Nəbiyev