Minimum əməkhaqqı səviyyəsinin bu ilin martın 1-dən yaşayış minimumuna bərabərləşməsindən, sentyabrın 1-dən isə onu keçəcəyindən sonra, növbəti ildən daha bir sıra əhəmiyyətli dəyişikliklər etmək zərurəti yaranıb. Bunlar yaşayış minimumunun özü, minimum istehlak səbəti və ehtiyac meyarı ilə bağlı olmalıdır. Belə ki, qeyd olunan göstəricilərin səviyyəsini qaldırılmaqla yanaşı, mexanizmlərinə də əl gəzdirmək vaxtı yetişib. Açığı, hər 3 göstərici müəyyən mənada əslində, formal xarakter daşımaqdadır. Minimum əməkhaqqı səviyyəsinin bu göstəriciləri əhəmiyyətli dərəcədə keçməsindən sonra həmin formallıqlar aradan götürülməlidir. Amma sual yaranır ki, necə?

Bu sualın cavabını iqtisadçı alim Pərviz Heydərov İqtisadiyyat.Az-a açıqlayıb. Ekspert yaşayış minimumunun hansı hesablamalar üçün tətbiq olunması barədə danışıb:

“Minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ödənilən ən aşağı əməkhaqqıdır. Ölkəmizdə minimum aylıq əməkhaqqı həddinin və siyasətinin üstünlüyü ondan ibarətdir ki, maaşların aşağı səviyyəsini və yaxud döşəmə vəziyyətini müəyyən etməyə imkan yaradır. Bu isə dolayısı ilə həyat şəraitini yüksəltmək yollarını, perespektivlərini, yoxsulluq səviyyəsini azaltmaq və biznesin effektli olması yönündə necə stimul yaratmaq imkanlarını aşkarlamaq üçün çözüm verir.

Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Bu göstəricidən aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılması və tətbiqində; aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyası və Dövlət Proqramlarının hazırlanmasında; əhalinin həyat səviyyəsini qiymətləndirməkdə və proqnozlaşdırmaqda; fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında; əhalinin pul gəlirləri ilə əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında, həyata keçirilməsində; dövlət və yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında istifadə olunur.

Qeyd olunan göstərici əhalinin əsas sosial-demoqrafik qrupları üzrə ildə bir dəfə olmaqla yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir”.

Pərviz Heydərov, minimum istehlak səbətinin hər 3 ildən bir dəyişdirilməsinin lazım olduğunu bildirib: “Minimum istehlak səbəti isə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə bu tərkibdə formalaşdırılır: ərzaq məhsullarının minimum toplusu; fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.); xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.)...

Sözügedən göstəricinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir. Daha dəqiq desəm, əslində müəyyənləşdirilməlidir”.

İqtisadçı ekspert sosial müavinətlərin minumum istehlak səbətinə əsasən hesablanmasını və ehtiyac meyarı göstəricisinin ləğv olunmasını təklif edib: “Yaşayış minimumu və minimum istehlak səbəti göstəriciləri olan yerdə ehtiyac meyarı, görəsən, nəyə lazımdır? Ümumiyyətlə, bu gün ölkədə fiziki mövcudiyyət üçün zəruri olan minimum məhsul və xidmətlərin dəyərini müəyyənləşdirən yaşayış minimumu varsa, ondan aşağı məbləği əhatə edən ehtiyac meyarı göstəricisinə nə ehtiyac var ki? Bəli, yaşayış minimumu haqqında qanunda yazılıb ki, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

Sual edirəm: aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımını məgər, minimum istehlak səbətinin dəyərinə əsasən təyin etmək olmazmı? Bu, daha istinadlı, təyinata uyğun, hesablanması da asan, funksional və səmərəli xarakter daşımazmı?

Bütün deyilənlər baxımından təklif edirəm ki, birincisi, yaşayış minimumu səviyyəsi növbəti il üçün qaldırılmamışdan öncə, minimum istehlak səbətinin tərkibi genişləndirilməklə, dəyəri yenidən hesablansın; ikincisi, ümumiyyətlə, yaşayış minimumunun səviyyəsinin hesablanması qaydası sırf minimum istehlak səbətinin tərkibinə görə müvafiq dəyərə əsasən həyata keçirilsin; üçüncüsü, minimum istehlak səbətinin tərkibinə hər il büdcə paketi ilə paralel olaraq baxılsın; dördüncü isə ehtiyac meyarı göstəricisi ləğv olunsun və ünvanlı dövlət sosial yardımı minimum istehlak səbətinin mövcud dəyərinə əsasən təyin edilsin”.

 

Mehman Nəbiyev