Bəs bu kimi halların qarşısını almaq üçün BNA hansı tədbirləri düşünür?

Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev İqtisadiyyat.Az-a açıqlamasında bildirib ki, əksər marşrutlarda plan sisteminin olmasını, bu səbəbdən də onların mövcud problemlərlə tez-tez üzləşdiyini qeyd edib.

“Onlar maraqlıdırlar ki, daha çox sərnişin yığsınlar. Bu səbəbdən sürücülər avtobusu ləngitməyə və ya sürətlə sürməyə məcbur olurlar. Bu zaman da digər sürücünün vaxt cədvəlinə girirlər. Nəticədə həmin sürücülər mühabisə edirlər. Onlar adətən tıxacda qaldıqları üçün də belə vəziyyətə düşürlər”.

Ekspert, problemin 2 həlli yolu olduğunu bildirərək, sərnişindaşımada köklü surətdə islahat keçirilməsinin vacib olduğunu vurğulayıb.

“Sürücü sərnişinlərin reaksiyasından asılı olmamalıdır. Öz vaxt cədvəlindən çıxdığı üçün tənbeh olunsun. Təşkilati məsələlər ondan ibarətdir ki, sərnişindaşıma şirkətlərilə indikindən fərqli müqavilələr bağlanmalıdır. Məsələn, BNA ilə şərtləri əvvəlcədən bilinən müqavilə imzalayır və müvafiq məbləğlər alır. Sərnişindaşıma şirkəti müqaviləyə əməl etməlidir ki, məbləği tam ala bilsin. Təəssüf ki, indiki sərnişindaşımalarla bu cür müqavilələr qeyri-mümkün görünür. Sadəcə kartla ödəniş sisteminə keçməklə bu problemlər həll edilmir. Plan sisteminin mövcudluğu sərnişindaşıma şirkətlərinə mənfəət əldə etməsi üçün sərfəlidir. Xidmət fəaliyyətləri dəyişsə, çox güman ki, onlar mənfəət qazana bilməyəcəklər və bu biznes onlar üçün maraqlı olmayacaq. Ancaq o demək deyil ki, sərnişindaşımanı yalnız dövlət etməlidir. Maddi-texniki bazası yaxşı olan, səriştəli, eyni zamanda xidmət müqaviləsi sxemində işləyə biləcək şirkətlər sərnişindaşıma fəaliyyəti ilə məşğul ola bilərlər”.

Məsələ ilə əlaqədar açıqlama verən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev plan sisteminin yararsız olmasını vurğulayaraq, daşıyıcıların öz işinə düzgün yanaşmadığını qeyd edib.

“Bütün bunlar bir daha plan sisteminin nə qədər yararsız bir sistem olmasının göstəricisidir. Və bu gün marşrut şəbəkəsində belə bir mənzərənin mövcudluğu daşıyıcıların sərnişindaşıma işinə ancaq qazanc marağı ilə yanaşmasına görədir. Açığı sürücülərin bu cür olmasının əsas günahkarı işinə düzgün yanaşma tərzi göstərməyən daşıyıcıdır. Bakı Nəqliyyat Agentliyi bu gün bütün zəruri tədbirləri görür ki, bu gün hər birimizi narahat edən bu kimi hallar tam olaraq aradan qaldırılsın.

Kart sisteminin əhatə dairəsinin genişləndirilməsi, plan sisteminin ləğv edilməsi, peşəkar sürücü bazasının formalaşdırılması, bütün bunların hamısı bu məqsədə xidmət edir”.

 

Mehman Nəbiyev