Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Bakıda müşahidə edilən qatı dumanla bağlı açıqlama verib.

Qurum rəsmisi Oxu.Az-a açıqlamasında bildirib ki, Abşeron yarımadası və Bakıda hazırda nisbi rütubət 72-86 faiz təşkil edir:

“Bununla yanaşı, dəniz suyunun temperaturu 7,5-8 dərəcə olduğu halda, quruda səhər temperatur cəmi 4 dərəcə isti təşkil edirdi. Abşeron yarımadasında səhər saatlarında cənub, cənub-şərq istiqamətli külək, dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edirdi. Belə ki, rütubətli hava kütlələrinin soyuq yer səthindən keçməsi nəticəsində dumanın yaranması üçün əlverişli şərait olur. Bəzi yerlərdə dumandan çiskin ehtimalı var.

Martın 6-dan 7-nə keçən gecə və səhər yenidən zəif duman olacağı istisna olunmur”.