Azərbaycanda sənədsiz evlərin sənədləşmə prosesinin tamamlanması istiqamətində tədbirlər həyata keçiriləcək. Bu Nazirlər Kabinetinin “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər Tədbirlər Planı”nda əks olunub. Nazirlər Kabineti 2019-2021-ci illərdə yaşayış və qeyri-yaşayış sahələrinin sığortalanması üçün Əmlak Komitəsinə sənədsiz evlərin sənədləşmə prosesini tamamlamağı tapşırıb. Həmçinin Fövqəladə Hallar Nazirliyinə də tikintinin standartlara uyğun aparılmasının təmin edilməsi tapşırılıb. Bunun da məqsədi sığorta haqlarının azalması, sığortaçı və vətəndaşda daşınmaz əmlakın könüllü sığortası üçün marağın artırılmasıdır. Bəs görəsən Azərbaycanda daşınmaz əmlakın sığortası nə vəziyyətdədir? Bu istiqamətdə vətəndaşda maraq varmı?

“Cərimə mexanizmi olmadığı üçün vətəndaşlar daşınmaz əmlakı könüllü sığorta etmək istəmirlər”

Bu sözləri, İqtisadiyyat.Az-a Əmlak Ekspert Mərkəzinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Ramil Osmanlı bildirib.Ekspert, vətəndaşların yaşayış və qeyri-yaşayış sahələrini könüllü sığorta etdirmələrinin vacibliyini vurğulayıb:

“Azərbaycanda hər il yaşayış və qeyri-yaşayış sahəsinin olduğu 200 min daşınmaz əmlak icbari sığorta edilir. Könüllü sığorta isə vətəndaşın öz istəyindən asılıdır və azlıq təşkil edir. Daşınmaz əmlakın sığortası üçün Azərbaycanda cərimə mexanizmi tətbiq olunmadığı üçün vətəndaşlar könüllü sığorta etmirlər. Bu barədə qərar əvvəllər də verilmişdi. Əslində vətəndaşların bu sığorta növünü yerinə yetirməsi lazımdır. Çünki söhbət burada, ehtiyatsızlıq və ya hər hansı səhlankarlıqdan üçüncü şəxsə dəyən zərərin ödənilməsindən gedir”.

Ramil Osmanlı açıqlamasında, sənədsiz evlərin sənədləşmə işlərinin tamamlanması barədə konsepsiyanın hökumətə təqdim edildiyini qeyd edib. O, bildirib ki, həmin evlərin sayı bəlli olduqdan sonra hansı işlərin görüləcəyi müəyyən olunacaq:

“Bu barədə konsepsiya hazırlanıb hökumətə təqdim olunub. Hökumətdə bu konsepsiyanın icra mexanizmləri ilə bağlı müəyyən qərar qəbul etməlidir. Bu qərar Azərbaycanda illərlə yığılıb qalmış əsasən də fərdi sənədsiz evlərlə bağlı məsələlərə söykənir. Nazirlər Kabinetinin bu tapşırığından sonra Əmlak Komitəsi artıq ərazilər üzrə monitorinq aparır. Həmin siyahını hökumətə təqdim etməlidir ki, Azərbaycanda nə qədər sənədsiz tikili mövcuddur. Bundan sonra müəyyən ediləcək ki, həmin evlərin sədələşməsi üçün hansı addımlar atılmalıdır. Fövqəladə Hallar Nazirliyində tikintiyə nəzarət mexanizmləri var. Sadəcə müəyyən boşluqlar olduğu üçün bəzi hallarda tikintiyə nəzarət tam şəkildə həyata keçirilmir. Sənədləşmə düzgün aparılmır, tikinti normaları pozulur. Bu da gələcəkdə tikilmiş obyektin sənədləşməsində problemlər yaradır".

 

Mehman Nəbiyev