Nə qədər yenilənmə aparılsa da, Bakı şəhərinin marşrut-avtobus problemi bitmək bilmir. Sərnişinləri narahat edən məqamlar sırasında hələ də nağd ödənişlə çalışan marşrut avtobuslarının problemi də var. Sərnişinlər deyir ki, bəzən sürücülər diqqətsizlikdən, yaxud hətta bilərəkdən qarışıqlıqdan istifadə edib, onlara ödənişin qalığını az qaytarırlar.

Paytaxtın ictimai nəqliyyat sisteminə cavabdeh qurum olan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev məsələ ilə bağlı modern.az-a danışıb. O belə problemlə qarşılaşan sərnişinlərə agentliyə müraciət etməyi məsləhət görüb:

“Ödənişin az qaytarılması ilə bağlı sərnişinlər tərəfindən şikayətlər ediləndə, məsələ xüsusi araşdırılır. Əgər şikayət təsdiqini taparsa, hər hansı sürücü bu cür özbaşınalığa yol veribsə, cərimələnir. İşdən kənarlaşdırmağa qaldıqda isə, biz kənarlaşdıran qurum deyilik. Həmin sürücünü işə götürən avtobus şirkəti özü istəsə, işdən də kənarlaşdıra bilər”. 

Bəzi marşrutların avtobuslarında kartla ödəniş üçün aparatlar quraşdırılmayıb. Amma bəzi avtobuslarda aparat quraşdırılsa da, istifadə olunmur. Nümunə olaraq, kartla ödəniş üçün terminalı olan 202 saylı avtobusun avqust ayında nağdsız ödənişə keçəcəyi deyilirdi. Lakin sərnişinlərin bu gözləntisi reallaşmadı. Mayis Ağayev bu məsələyə də aydınlıq gətirib:

“202 saylı marşrut xətti ilə hərəkət edən avtobuslar əvvəllər 88 nömrəli marşrutun avtobusları idi. Sonradan 88 nömrəli marşrut xətti üzrə “BakuBus” avtobusları sərnişinlərə xidmət etməyə başladı. 202 marşrut avtobusları olan “Daewoo”lar dəyişdirilərək, yeni avtobuslarla əvəz edilib. İlin sonuna qədər bu avtobuslarda kart sisteminə keçid yekunlaşacaq”.