Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrixin dəvəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Soçi şəhərində səfərdədir.

Bu barədə İqtisadiyyat.Az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, nümayəndə heyəti Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak edib.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Xəzər dənizinin qərb sahillərindən keçən marşrutu ilə beynəlxalq yük daşımalarının həcminin artırılması, daşımaların asanlaşdırılması və bu sahədə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər müzakirələr olunub.

Səfər çərçivəsində R.Quluzadə ilə Rusiyanın Nəqliyyat naziri Yengeni Ditrix, o cümlədən İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında keçirilmiş ikitərəfli görüşlərdə nəqliyyat və tranzit daşımalar sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.