Daxili İşlər naziri Vilayət Eyvazovun polis sistemində köklü dəyişikliklər aparacağı, o cümlədən Dövlət Yol Polisi sistemini ləğv edəcəyi barədə iddialar yayılıb. Bu kimi informasiyalar Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov və   Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimovun işdən azad edilməsindən sonra ortaya çıxıb.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Quliyev bildirib ki, məsələ ilə bağlı onda heç bir məlumat yoxdur: “Bizdə belə bir məlumat yoxdur. Ona görə də bir söz deyə bilməyəcəm”.

Teleqraf.com-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə məsələ ilə əlaqədar aşağıdakıları söyləyib: “Dövlət Yol Polisinin ləğv olunacağı ilə bağlı məndə məlumat yoxdur. Əgər Daxili İşlər naziri Vilayət Eyvazov bu addımı atarsa, bizə əmrə əməl etmək düşər. Biz verilən göstərişi qətiyyətlə yerinə yetirməklə vəzifələndirilmişik. Dövlət Yol Polis İdarəsiylə bağlı hər hansı qərar verilsə, əməkdaşlar qərarı normal qarşılamalıdır. Belə bir qərarın veriləcəyinə inanmıram. Təəssüf ki, sürücülər arasında yol hərəkəti qaydalarına əməl etmək mədəniyyəti yüksək səviyyədə deyil. Bu gün yollardakı qayda-qanunla bağlı tətbiq edilən texnologiyalar, qanunvericiliyə olunan əlavə və dəyişikliklər polisin iştirakı olmadan hər bir hərəkət iştirakçısının fərdi olaraq öz təhlükəsizliyini təmin etməsinə imkan verir.

Amma görünən odur ki, biz cəmiyyət olaraq buna hələ hazır deyilik. Polisin köməyi olmadan heç bir hərəkət iştirakçısı hərəkətini tənzimləyə bilmir. Bizim mental xüsusiyyətlərimiz buna imkan vermir. Ona görə də nazirin bu addımı atacağına inanmıram".

Ekspert Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, hazırda Azərbaycan cəmiyyəti yol polisi olmadan yollarda qaydalara əməl edəcək halda deyil: 

“Yol polisinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlar düşünürəm ki, kiminsə xülyasıdır. Ola bilər ki, həmin şəxs qaydaları tez-tez pozur və ona yol polisinin olması sərf etmir. Ümumiyyətlə, fikir verirəm ki, qaydaları pozan adamların əksəriyyəti yol polisinin ləğvini istəyir. Cəmiyyətimizə diqqət etsək görərik ki, bizim insanlar yol polisi olmadan idarə olunan deyil. Biz, buna hazır deyilik ki, yol polisinin küçələrdən yığışdıraq. Bu gün polis və kamera olmayan yerlərdə daha çox qayda pozuntusu, qəza baş verir. Bunu test etmək də mümkündür. Hansısa magistral yoldan bütün kameraları yığışdırsaq, polis də təyin olunmasa orada nələrin baş verdiyi görünər. Ona görə də yol polisinin ləğvi real görünmür. Baş Dövlət Yol Polisi İdarəsində bəzi kadr dəyişikliyi aparıldı. İllərdir ki, hamı deyirdi ki, yol polisində nə üçün islahatlar aparılmır. İndi də islahatlar aparılır və başlayırlar yol polisinin ləğvi haqqında fikirlər yürütməyə. Biz Qafqaz xalqı olaraq yol polisinin ləğvinə hazır deyilik. Qafqaz ölkələrinə baxa bilərik. Yalnız Gürcüstanda bir müddət Avropa dəyərləri üstün tutulub, yol polislərinin sayı azaldıldı. Ancaq müşahidə etdilər ki, hadisələrin sayı durmadan artır. Nəticədə Gürcüstanda da yenidən əvvəlki sistem bərpa edildi. Cəfəng fikir yazırlar ki, yol polisi ”ASAN Xidmət"ə və ya Çevik Polis Alayına veriləcək.  Bəyəm Sumqayıtda, Mingəçevirdə Çevik Polis Alayı var? “ASAN Xidmət” də yalnız sənəd işləri ilə məşğuldur. Kimin ağlına gəlirsə, fikir atır ortaya".

E.Muradlı bildirib ki, hər kəs islahat həvəsindədir və sadəcə olaraq hazırda islahatlar keçirilir:

“Daxili işlər naziri sadəcə olaraq hər kəsin istədiyi islahatlara başlayır. Bu, qeyri-adi hal deyil. Kimsə vəzifəyə gəlibsə, nə zamansa da getməlidir. Ona görə də hansısa idarənin rəis müavininin işdən çıxarılması, qurumun ləğvi demək deyil. Ən azından məntiqlə düşünmək lazımdır ki, qurum ləğv ediləndə hər kəsi işdən çıxarıb, üstündən də xətt çəkirlər. Bizim cəmiyyət yol polisi olmadan yollarda normal hərəkət edə bilməz. Belə bir hal baş vermişdi ki, rayonların birində yeni yol çəkilmişdi, ancaq ora polis təhkim edilməmişdi. 3 ay ərzində qeyd etdiyim yolda 3 ölüm hadisəsi baş verdi. Həmin yola polis təhkim olunduqdan sonra vəziyyət düzəldi. Yəni düşüncə tərzimiz budur ki, yol hamardırsa, kamera və polis də yoxdursa sürət həddini aşmaq lazımdır. Elə hal yaranıb ki, adam az qalır desin ki, yolları təmir etməyək. Çünki düz yol olanda sürücülər sürət həddini aşıb, qəza edirlər. Məhəllədə maşını 40-60-la sürürlər. Hamı bilir ki, yaşayış məntəqəsində 20 km/saatla hərəkət edilməlidir. Hansısa yaxşı xəbər eşidəndə, şadlıq olanda maşını bərk sürürük. Ona görə də yekun olaraq qeyd edim ki, bu kütlə ilə Avropa düşüncəsi düz gəlmir. Avropanın özündə də yol polisi var. Amerikada da fərqlidir. Orada ümumi patrul xidməti var. Səhər saatlarında polislər bölünür və ümumi patrul xidmətləri aparılır. Ancaq eyni zamanda yolu da nəzarətsiz buraxmırlar. Rəsmi statistik məlumatlara görə ötən il qayda pozuntularının təxminən 60 faizə yaxını radar və kameralar vasitəsilə aşkar edilib. Onsuz da yol polisi buna keçid edir. Polisin tamamilə ləğvindən indiki halda söhbət gedə bilməz”.

Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində Dövlət yol polisi qurumunun ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında yayılan məlumatların reallıqdan uzaq olduğunu bildirib: “Polis haqqında"  Azərbaycan Respublikasının Qanununda polisin təyinatı və əsas vəzifələrindən biri kimi yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək qeyd olunur ki, bu vəzifəni də DİN-in Dövlət Yol polisi qurumu yerinə yetirir. Ona görə də belə mühüm bir qurumun ləğv edilməsi kimi bir məsələ gündəlikdə olmayıb və hazırda da yoxdur. Əksinə, yol polisinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, fəaliyyətinin effektliyinin artırılması, maddi-texniki bazasının günün tələbləri səviyyəsinə qaldırılması üçün Nazirlik tərəfindən zəruri tədbirlər davamlı olaraq həyata keçirilir".