"Xəzər dənizinin suyunun geri çəkilməsi halının hazırda heç bir təhlükəsi yoxdur. Çünki Xəzərin suyu həmişə zamanla çəkilib və bərpa olunub. Buna səbəb isə təbii proseslərlə yanaşı, antropogen təsirlərdir".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri, quraqlıqlar, eləcə də başlıca su daşıyıcıları olan Volqa, Ural, Kür və Terek çaylarında suvarmalarla bağlı olaraq Xəzərə gələn su azalıb: "Amma bu il yazda yağıntılar bir az artdı. Zamanla qışda yağacaq qarla Xəzərdə suyun səviyyəsi arta bilər".

Ekoloq xatırladıb ki, Xəzər dənizi Baltik dənizi səviyyəsindən 20 metrə qədər aşağı olub: "İndi bir az daha aşağı düşəcək. Amma yaxın vaxtlarda Xəzərin ciddi şəkildə quruması gözlənilmir. Yəni narahat olmağa dəyməz".

Q.İbrahimli Xəzər dənizinə tökülən çaylarda da suyun səviyyəsinin aşağı düşdüyünü söyləyib. O bildirib ki, bu da dənizdə suyun azalmasına təsir göstərən amillərdəndir: "Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin digər bir səbəbi antropogen fəaliyyətlə, yəni insanların kənd təsərrüfatında suvarmadan istifadə üçün bəndlərdən istifadə edərək Xəzərə gələn suyu süni şəkildə azaltmaları ilə bağlıdır".

Q.İbrahimli həmçinin Xəzərin qurumasının insanlara, ətraf mühitə təsirlərindən də danışıb. O bildirib ki, əgər Xəzər quruyarsa, onun yerində yaranacaq duz qatları insanlara zərər verə bilər. Lakin ekoloq vurğulayıb ki, bu halın baş verməsi üçün uzun müddət lazımdır.

Sadiq Cavadov