Terror təşkilatı PKK/YPG silahlı heyətinə qatmaq üçün Suriyanın Hələb vilayətində işğal etdiyi Mənbic və Şeyx Maksud rayonundan daha 3 uşağı qaçırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müxalif kürdlərin “Müstəqil Kürd Rabitə” qrupunun sözçüsü Redor əl-Əhməd bildirib.

Məlumata görə, 14 yaşlı M.A.H. və A.F. bu gün Menbic rayonunda terrorçular tərəfindən qaçırılıb.

Əhməd iyulun 7-də terrorçuların Şeyx Maksuddan 15 yaşlı Z.S.-ni qaçıraraq silahlı dəstəyə qatdıqlarını qeyd edib. 

Sözçü bildirib ki, terror təşkilatı qaçırılan uşaqların ailələri ilə əlaqə saxlamasına mane olub.

Qeyd edək ki, PKK/YPG qaçırdığı və ya saxladığı gəncləri və uşaqları silahlı təlim üçün düşərgələrə aparır.

PKK/YPG terrorçuları iyul ayında Hələbdə Haseke şəhər mərkəzindən 6, Qamışlı rayonundan 7, Mənbicdən 4, Şeyx Maksud rayonundan isə 1 uşağı qaçırıblar.