Qubadlı rayonunun Xanlıq kəndinin şaquli planlama üzrə torpaq işlərinin həyata keçirilməsinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Sözügedən işləri “19 saylı Tikinti Təmir İdarəsi” MMC həyata keçirəcək.

Xidmətlə MMC arasında görüləcək işlərlə əlaqədar olaraq 3,19 milyon manatlıq müqavilə bağlanacaq.

Qeyd edək ki, rayonda Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulacaq. Kənd işğal dövründə tamamilə dağıdılıb və burada yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ötən ilin mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.