Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kasis ilə görüşüb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan XİN-dən bildirilib.

İkitərəfli əlaqələrimizin əhatə dairəsinin genişlənməsi və məzmunca zənginləşməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin və davamlı siyasi dialoqun rolu və əhəmiyyətindən bəhs olunub.

Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri barədə məlumat verilib.

Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, mina təhdidləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.

Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətlə silahlanmasının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.