Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı qanunvericiliyin tələblərindən birini pozduğu üçün cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq qurum tərəfindən qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Vüsalə Qasımovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Məcəllənin 354-cü maddəsi avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozan hallar öz əksini tapıb. Regional Su Meliorasiya Xidməti barəsində protokol tərtib olunan maddədə isə deyilir ki, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.