“Milla” brendi altında süd məhsullarının istehsalı ilə məşğul olan “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Milla Dairy” 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əvvəlki adı “AZ FP CO LTD” MMC olub. Şirkət ötən il rebrendinq edərək adını “Milla Dairy” MMC-yə dəyişdirib. 233 213 155.90 manat nizamnamə kapitalına malik olan “Milla Dairy” MMC-nin qanunin təmsilçisi Vahab Zadə Azər Adil oğludur.