İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 177 min 664 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. 

Dövlət Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, bu göstəricinin 27 min 707-si (15,6 faiz) ilkin, 149 min 957-si (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Cari ilin ilk 6 ayında fərdi yaşayış və bağ evi üzərində - 27 min 695, mənzil üzərində - 39 min 388, torpaq sahəsi – 104 min 580, qeyri-yaşayış binası – 1586, qeyri-yaşayış sahəsi – 4017, əmlak kompleksi - 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 min 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin birinci yarımilliyi ərzində 132 min 115 texniki pasport tərtib edilib, 35 min 203 ipoteka müqaviləsi qeydiyyata alınıb.