ABŞ Prezidenti Co Bayden beynəlxalq birliyin dünya tarixində yeni dönüş nöqtəsi ilə üzləşdiyi bir zamanda birləşməsinin zəruriliyini qeyd edib.

İqtisadiyyat.az xəbər verir ki, Ağ Ev rəhbəri BMT-nin 79-cu sessiyasının ümumi siyasi müzakirəsi çərçivəsində Nyu-Yorkda keçirilən Baş Assambleyanın tribunasında dördüncü və son çıxışı zamanı bu fikri irəli sürüb.

Bayden çıxışında Ukrayna böhranı, Yaxın Şərqdəki gərgin vəziyyət və digər çağırışlar fonunda ölkələri birləşməyə çağırıb:

“Bizim vəzifəmiz, sınağımız bizi birləşdirən qüvvələrin, bizi ayıranlardan daha güclü olduğuna əmin olmaqdır. Mən səmimi olaraq inanıram ki, biz dünya tarixində yeni dönüş nöqtəsindəyik. Lakin bu gün edəcəyimiz seçimlər onilliklər ərzində gələcəyimizi müəyyən edəcək”.

Ukrayna-Rusiya münaqişəsindən danışan Co Bayden, Qərbin Kiyevi dəstəkləməkdən yorulmayacağına ümid etdiyini dilə gətirib. Onun sözlərinə görə, əks halda Ukrayna mövcudluğunu itirə bilər.

"Qərb ədalətli və davamlı sülhə nail olunana qədər Ukraynanı dəstəkləməkdən imtina etməyəcək",-deyə ABŞ prezidenti rəhbəri əlavə edib. Prezident bir daha ölkələri Kiyevə yardım göstərməyə çağırıb. O, bildirib ki, Ukraynada baş verənlərə dünya göz yuma bilməz, çünki xüsusi hərbi əməliyyat artıq 3 ildir davam edir.

Birləşmiş Ştatlar prezidenti həmçinin İsrail-Fələstin münaqişəsinin tərəflərinin sülh sazişinə gəlmələrinin vacibliyini bir daha vurğulayıb. O, İsrail və Livan arasında gərginləşən münaqişənin diplomatik yolla həllinə nail olunacağına əminliyini ifadə edib. Bayden sonda deyib ki, Qəzza zolağındakı vəziyyət narahatlıq doğuran yeganə münaqişə deyil.