Azərbaycan Milli İncəsənət Muzeyində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə Bakı Avropa liseyinin 1a2 sinfinin şagirdləri sinif rəhbəri Ülkər Mirzəyeva ilə birgə iştirak ediblər.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc nəslin marifləndirilməsinin, milli mənəvi dəyərlərə sadiqliyin, şagirdlərin intellektual qabiliyyətinin yüksəldilməsinin, onlara vətənə, torpağa, el-obaya sevgi və məhəbbət hissinin aşılanmasının, eləcə də ölkənin tarixinin, müstəqilliyinin və suverenliyinin təbliğ edilməsinin önəmi vurğulanıb.

Qeyd edilib ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad etmək hər bir kəsin borcudur.

Daha sonra şagirdlər 44 gün davam edən və tarixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsi haqqında təqdimatı dinləyiblər.

Məktəblilər maarifləndirici xarakterli ustad dərsində Azərbaycanda İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq, həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınan "Xarıbülbül" nişanəsini öz sehirli fırçaları vasitəsilə təsvir ediblər.

Sonda isə kiçik ziyarətçilər interaktiv ekskursiyada iştirak ediblər.