İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkınının rezidenti “Neo Project” MMC müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal edəcək zavodun inşasına başlayıb.

Bunu İqtisadiyyat.az-a MMC-nin baş direktoru Mübariz Qasımov deyib.

Onun sözlərinə görə, tikinti işlərinin bu ilin dekabr ayında tamamlanması, gələn ilin yanvar ayından isə istehsala başlamaq nəzərdə tutulur. Azərbaycanda ilk dəfə olaraq istehsal ediləcək fiberqlaslar hündürmərtəbəli binaların, metro və tunellərin və s. tikintisində istifadə edilir. Bu armaturlar zəlzələyə, suya daha davamlı, dəmir armaturlardan 2,5 dəfə daha möhkəm və daha uzunömürlüdür (100 il ömrü var). Azərbaycanda texniki üsullarla kompozit şəbəkə (onlar daha davamsız hesab edilir) istehsal edilsə də, QOST standartları ilə istehsal ilk dəfə olacaq.

Layihənin ümumi investisiya dəyəri 3 milyon 318 min manatdır. Onun yalnız 1,5 milyon manatı zavodun tikintisinə sərf ediləcək. Müəssisənin aylıq istehsal gücü təxminən 1000 ton olacaq. İlkin mərhələdə 2-si şəbəkə, 6-sı armatur sahəsi olmaqla, ümumilikdə 8 istehsal sahəsinin yaradılması planlaşdırılır.

Zavodda istehsal ediləcək məhsullar hazırda Rusiyadan idxal edilir. Müəssisə fəaliyyətə başladıqdan sonra idxaldan asılılıq azalacaq və bazarda həmin məhsulların qiyməti ucuzlaşacaq.

“Neo Project” istehsala başlayan kimi “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsullarını Polşa, Çexiya, Hollandiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edəcək. Artıq tərəflər arasında bununla bağlı razılaşmalar əldə edilib.