Meta-nın yaradıcısı Mark Zukerberq Bloomberg Milyarderlər İndeksinin (BBI) reytinqinə əsasən, amerikalı sahibkar İlon Maskı geridə qoyub və hazırda siyahıda üçüncü yerdədir.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Zukerberqin sərvəti bir gecədə 2,6 milyard dollar artaraq 178 milyard dollara çatıb.

Cümə axşamı günü, şirkətin yeni süni intellekt modeli Llama 3-ü, həmçinin "Meta AI chatbot"unun yenilənmiş versiyasını təqdim etdiyi gün Meta səhmləri 1,5% bahalaşıb.

Eyni zamanda Maskın sərvəti təxminən 4 milyard dollar azalaraq 170 milyard dollara düşüb. Beləliklə, Mask planetin ən varlı adamları reytinqində dördüncü yerə düşüb. Elektrik avtomobil istehsalçısı Tesla-nın səhmləri cümə axşamı günü 3,6% ucuzlaşıb.

BBI-nin məlumatına görə, planetin ən varlı adamı hələ də 218 milyard dollarlıq sərvətlə Fransız lüks mallar istehsalçısı LVMH-nin (LVMH Moet Hennessy - Louis Vuitton) sahibi Bernard Arnaultdur.

İkinci yerdə sərvəti hazırda 201 milyard dollar olan Amazon onlayn pərakəndə satış şirkətinin yaradıcısı və keçmiş rəhbəri Ceff Bezosdur.