Türkiyənin “Həyatımız Sığortalıdır” jurnalının ən diqqətçəkən bölmələrindən biri də üz qabığındakı müsahibələrdir. Jurnal ilk dəfə olaraq üz qabığında xaricdən gələn qonağa, Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyevə yer verib.

İqtisadiyyat.az xəbər verir ki, müsahibədə Ziya Əliyev ilk növbədə Türkiyənin sığorta sənayesi ilə əlaqələrə böyük əhəmiyyət verdiyini açıqlayıb.

O, Türkiyədəki sığorta sektorununun nümayəndələrini Azərbaycana sərmayə qoymağa dəvət edir.

Yaxın vaxtlarda 1 milyard dollara çatacaq Azərbaycan sığorta bazarının potensialına diqqət çəkən Əliyev bildirib:

"Azərbaycanın sığorta bazarı da daxil olmaqla, maliyyə sektoru bütün xarici investorlar üçün açıqdır. Bu sərmayədarlar Türkiyəli qardaşlarımız olarsa, daha çox məmnun olarıq. Onlar gəlib Azərbaycanın sığorta sektoruna sərmayə qoysunlar. Bu, ölkəmizin inkişafına dəyər qatacaq.

Azərbaycan sığorta sektorunun inkişafı üçün demoqrafik üstünlüklərə malikdir. Əhali gəncdir. Potensial investorlara bazarı yaxşı tanımağı tövsiyə edirik. Sıfırdanmı şirkət quracaqlar, yoxsa fəaliyyətdə olan bir  şirkətə ortaqmı olacaqlar? Bu, tamamilə investorun öz seçimi olacaq.

Mərkəzi Bank olaraq, Azərbaycana sərmayə qoyacaq Türkiyə sığorta sektorundakı bütün maraqlı tərəfləri sərmayə qoymazdan əvvəl bazarı tanımaları üçün bütün məlumatları şəffaf və dəqiq şəkildə təqdim edəcəyik.

Biz istərdik ki, onlar bunları araşdırsınlar və sonra necə investisiya qoya biləcəklərinə qərar versinlər".

 

Gözəl Həşimova