“Zaman” sığorta brokeri iləbağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, şikayətçi İbrahimov Həmid idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə Bakı-Sumqayıt yolunda nəqliyyat hadisəsi törədib. Hadisəyə səbəb isə işıqforun qırmızı işığından keçməsi olub. Nəticədə əks istiqamətdənhərəkət edən “Opel Astra” markalı avtomobilə dəyərək qəza törədib və avtomobillərə ziyan dəyib. “Chevrolet Camaro” avtomobilinin icbari sığorta edildiyi “Azsığorta” şirkətindən ödəniş olunsa da, könüllü “Kasko Butik”sığortasıedən “Zaman” sığorta brokeri hadisənin qəsdən törədildiyini iddia edərək, dəyən zərəri ödəməkdən boyun qaçırıb. Şirkət bununla bağlı vətəndaşa imtina ərizəsi də ünvanlayıb.

Məsələ ilə bağlı “Zaman” sığorta brokerinin rəsmisi Xəyal Məmmədxanlı İqtisadiyyat.Az-a bu cür açıqlama verib: “Mövcud problemin yarandığı müştəri daim qırmızı işıqda keçməyi sevən bir insandır. Bununla bağlı əlimizdə faktlar var. Şikayətçi ilə bağlı yeni məlumatlar gəlib, çatıb mənə. Məlum olub ki, 3 gün əvvəl də qırmızdan keçib. Yəni, bu adam qanunlara hörmət etməyən biridir. Həmin müştəri saymazcasına hər dəfə işıqforun qırmızı işığında keçir. Ödənişi etmək bizim üçün problem deyil. Ancaq nəyə görə mən bu cür müştəriyə ödəniş edib, ona motivasiya verməliyəm? Qanunvericilikdə belə bir müddəa var ki, baş verən qəza qəsddirsə, ödənişdən imtina edilə bilər. Ödənişi ancaq bir halda verərəm ki, məhkəmə olsun. Əgər məhkəmə desə ki, ödəniş et mən də edəcəm. Bilim ki, həmin müştəriyə motivasiyanı məhkəmə verdi, Xəyal Məmmədxanlı yox”.

Sığorta eksperti, İlkin İbrahimov isə problemə aydınlıq gətirərək,bildirib ki,  bu cür hallar qəsd sayılmır və şirkətin imtina ərizəsidə əsassızdır: “Qəsd cinayət xarakterli işlərdə, məsələn, maşının qaçırılması, oğurluq və.s kimi hallarda istifadə edilir. Hesab edirəm ki, bununla bağlı vətəndaşa imtina əsassızdır. Habelə oxşar hallar üzrə məhkəmələrin bir neçə üzrə çıxarılmış qətnamə və qərarları var. İnzibati xətalar məcəlləsinin 468-ci maddəsinə əsasən əgər sığortaçı vətəndaşa yalan və aldadıcı məlumat verərsə, cərimələnir”.

Məsələ ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev, məsələnin palatanın hüquqşünasları tərəfindən hazırda araşdırıldığını və şirkətin imtina ərizəsinin əsassız olduğunu deyib.Mövzunu diqqətdə saxlayacağıq.

Mehman Nəbiyev