Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

"Unikal" xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.

Sonra Ali Baş Komandan şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoydu.

Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradıldı. Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb.

Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi nəzarətdədir. Heç də hər hərbçi Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ qazanmır. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdəndir. Burada əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.

Mübaliğəsiz demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdən idi. Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir. Onların sırasında müxtəlif tipli snayper silahları, pulemyotlar, tapançalar, tank əleyhinə idarəolunan raket kompleksləri, qumbara və qumbaraatanlar, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və sair var. Yerli sənayemizin istehsal etdiyi məhsullar da Xüsusi Təyinatlı Qüvvələr tərəfindən döyüşlərdə uğurla istifadə edilib.

Müharibədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. Mövcud qoşun növlərinin təkmilləşdirilməsi, yeni qoşun növlərinin yaradılması bu prosesin tərkib hissəsidir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariya hazırdır. Həmişə olduğu kimi – hərb meydanında ləyaqət, şərəf və ədalət davranışı göstərmək şərti ilə.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevə raport verəndən sonra dövlətimizin başçısı hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdi.