"Azərbaycan Prezident İlham Əliyevin diplomatik və siyasi məharəti və dövlətimizin iradəsi nəticəsində COP29-a ev sahibliyi edir".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, önəmli məsələ ondan ibarətdir ki, iqlim diplomatiyası, ambissiyaları, texnologiyaları, hədəfləri, alternativ enerji və digər məsələlər ətrafında həddən artıq siyasiləşmələr mövcuddur:
"Biz bunu müxtəlif dövlətlərin addımları, siyasətləri və qərarlarında, eləcə də beynəlxalq münasibətlər sistemində qabarıq görürük. Yəni, ortada iqlim geosiyasəti mövcuddur və biz burada karbonoksid tullantılarını hazırda yer üzünə yayan əsas dövlətlərin eyni zamanda müharibə törədiciləri və qlobal toqquşmalarda rol oynayan tərəflər olduğunu görməkdəyik. Belə olan şəraitdə təəssüflər olsun ki, Azərbaycan ilk uğuru əldə etdikdən sonra müxtəlif dairələrin koordinasiyalı və sistemli hücumlarına məruz qaldı və onlar növbənöv hekayələr yaratmağa, ölkəmiz üzərindən onu beynəlxalq mediaya daşımağa və sonradan yaratdıqları bu saxta ssenarilərdə ölkəmizin obrazı üzərinə hücum etməyə və bölgədə öz siyasi maraqlarını sürdürməyə çalışırdılar. Biz onları Fransanın, Norveçin, Niderlandın timsalında Qarabağ məsələsində ərazi bütövlüyümüzün təminatı üçün apardığımız xilaskar müharibədə də görməkdə idik. Eyni siyasət bu iqlim məsələlərinə də göstərildi. Belə demək olarsa, Qarabağ və COP29 eyni bir platformada ayrı-ayrı dairələrin nəzərlərində birləşdi".
Komitə sədri söyləyib ki, Azərbaycan heç nəyə baxmayaraq, xarici məkanda özünün diplomatik və siyasi çəkisini daha da artırıb: "Hesab edirik ki, karbonoksidin tullantılarını 37 Qvt-a çatdıran dövlət nümayəndələrinin ünvanına buradan müxtəlif mesajlar verildi. Bu karbon bazarının tənzimlənməsi və azalma yönündə tədbirlər Azərbaycanda keçirilən COP29-un ən mühüm qərarlarından birinə çevrildi. Burada inkişafda olan kiçik ada dövlətləri ayrıca bir platformada təmsil olundu və bu yöndə onların çağırışları dinlənildi. Bu şübhəsiz mühüm hadisə idi. Əslində, tədbir özünün statusuna görə BMT Baş Assambleyası qədər əzəmətli keçirildi və hələ ki, görüşlər, konfranslar, seminarlar davam edir və proses 22-dək davam edəcəkdir".
Z.Oruc bildirib ki, Azərbaycan alternetiv enerjiyə keçid prosesləri, sıfır emissiyalı texnologiyaların dünyanın hər bir məkanına çıxarılması istəkləri, o cümlədən bölgədəki ümumi durumu təqdim edən ən uğurlu bir ölkə nümunəsi ortaya qoyub:
"70-mindən çox insanın iştirakı, müxtəlif sahələrdə ayrı-ayrı şirkətlərin öz tərəf müqabilləri ilə bağladığı sazişlər, sənədlər, müqavilələr ölkəmizin gələcəyi üçün yeni səhifələr açır. Şübhəsiz ki, 278 illik neftin təsiri və hakimiyyəti regionda çox hiss olunmağına baxmayaraq, Azərbaycan Günəş və külək enerjisinə daşınan bir ölkə nümunəsini ortaya qoyacağını hədəf seçib. Qazaxıstan və Özbəkistanla Yaşıl Dəhlizin yaradılması yönündəki anlaşmaları ortaya qoyub. Tam əminliklə bildirmək istəyirik ki, gələcəkdə SOCAR-ın özü də yaşıl enerji şirkətinə transformasiya ediləcək, yalnız neft qurumu deyil, həm də enerji kampaniyasına çevriləcəkdir. Belə olan şəraitdə ölkəmizin iqtisadi və sosial həyatında biz bu dəyişiklikləri görəcəyik. Eləcə də ekoloji sistemin yaxşılaşması yönündə addımlar atılacaqdır".
"Azərbaycan keçmiş Sovet ölkələri sırasında ilk dövlətdir ki, bu cür qlobal tədbirə ev sahibliyi edir. Hesab edirik ki, gələcək dövrdə bu tədbirin ölkəmizin sosial və iqtisadi həyatına, diplomatik və siyasi gücünə verdiyi töhfələr Azərbaycanın daha da güclənməsinə, xalqımız daha da yaxşı yaşamasına və dövlətimizin beynəlxalq aləmdə tərəfdaşlarının və dostlarının daha da çoxalmasına əlavə imkanlar yaradacaq", - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc əlavə edib.
İsmayıl Bakuvi