İyunun 8-i səhər saatlarından etibarən əyani mərhələnin son turu olan “İdarəetmə bacarıqları” imtahanı start götürüb.

İqtisadiyyat.az xəbər verir ki, budəfəki mərhələ Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub.

Namizədlər əvvəlcədən seçdikləri 10:00 və ya 16:00-da imtahanda iştirak edə biləcəklər.

Xatırladaq ki, əyani mərhələnin birinci turu olan “Qabiliyyət imtahanı”nda iştirak edən 3801 namizəddən 1311 nəfəri “İdarəetmə bacarıqları” imtahanında iştirak hüququ qazanıb.

İmtahanda iştirakçılara situasiya-mühakimə testləri üzrə 90 tapşırıqdan və tapşırıq üzrə atıla biləcək 4 variantdan ibarət 90 sual təqdim olunub. İmtahana ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

“İdarəetmə bacarıqları” imtahanının nəticələri 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.