Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları vasitəsilə çatdırılması barədə razılığın əldə edilməsini alqışlayır.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib.

“Təəssüf edirik ki, hər iki yolun eyni anda açılması ilə bağlı hələ 2023-cü il sentyabrın 1-də razılıq əldə edilməsinə baxmayaraq, bunun reallaşdırılması yalnız sentyabrın 18-də baş verəcək.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti hesab edir ki, yüklərin aparılmasının siyasiləşdirilməsi, onun qarşısının alınması yolverilməzdir. Zərurət olduğu təqdirdə, müstəqil, bitərəf təşkilat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu prosesə istənilən dəstəyi verməyə hazırdır”, - Cəmiyyətdən qeyd edilib.