Son illərin statistikasına nəzər yetirdikdə, Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində kifayət qədər artımın qeydə alındığını müşahidə etmək mümkündür. Bu artım 2022-ci ildən sonrakı dövrdə daha çox nəzərəçarpan dərəcədə görünməyə başlayıb. Təbii ki, bu da mövcud dəmiryol xətlərinin yenilənməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi ilə əlaqədardır. Misal olaraq deyə bilərik ki, ötən il Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə ötən il daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, 2017-ci ildən başlayaraq dəmir yolunun modernləşdirilməsi və təkmilləşdirilməsi layihəsi üzrə Şərq-Qərb istiqamətində yol örtüyü yenilənib və elektriklənmənin dəyişən cərəyana keçidi təmin olunub.
Onun sözlərinə görə, hazırda marşrutun yarısında bu işlər icra edilib, digər yarısında isə müvafiq işlər davam edir: “Buna müvafiq olaraq yeni lokomotivlər - 40 dəyişən cərəyanlı, 10 ikisistemli dəyişən və sabit cərəyanlı müasir lokomotivlər, eləcə də 10 teplovoz alınıb. Həmçinin “Stadler” istehsalı olan 9 ədəd “FLIRT” markalı ikimərtəbəli qatarlar alınmışdır. Son alınmış 10 qatarın dördü dizel, 6-sı isə dəyişən cərəyanlı birmərtəbəli “Stadler Flirt” qatarlarıdır”.
Ekspert xatırladıb ki, həmçinin Şimal istiqamətində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidənqurma layihəsi icra olunur: “Orada da yol örtüyü yenilənir. Çox güman ki, bu il ərzində həmin işlər yekunlaşacaq. 2028-ci ilə qədər orada da dəyişən cərəyana keçid hədəflənir. Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissəsi olan Ələt-Osmanlı hissəsində aktiv olaraq, əsaslı təmir işləri yerinə yetirilir və Astara terminalında yükgötürücülük qabiliyyətini artırmaq məqsədilə müvafiq işlər icra edilir. Burada 2028-ci ilin yanvar ayının 1-nə qədər 5 milyon ton yükün ötürülməsi hədəflənir”.
İşğaldan azad olunmuş ərazilərdə icra olunan dəmir yolu layihələrindən bəhs edən R.Ağamirzəyev vurğulayıb ki, burada Bərdə-Ağdam dəmir yolu xəttinin inşası artıq tamamlanıb və hazırda vağzal komlpleksi inşa olunur: “Çox güman bu ilin sonuna kimi işlər tam olaraq yekunlaşacaq. Ağdam-Xankəndi istiqamətində də layihələndirmə işləri icra olunur. Düşünürəm ki, Horadiz-Ağbənd dəmir yolu layihəsi də bu il yekunlaşa bilər. Çünki hazırda orada süni qurğular və tunel tikinti işləri icra edilir. Bu da gələcəkdə Azərbaycan ərazisindən keçən Şərq-Qərb dəhlizi üzrə şəxaləndirmə yönündə verilmiş qərardır və daha çox tranzit yükün ötürülməsi üçün yeni fürsətlər yaradır. Bu il ərzində həmçinin Naxçıvanda 158 km-lik yolun da əsaslı təmir işlərinə başlaması nəzərdə tutulub. Göründüyü kimi, dəmir yolu infrastrukturunun daha təkmilləşdirilməsi istiqamətində böyük işlər görülməkdədir”.
Dəmir yolu ilə sərnişindaşımadan da söz açan ekspert hazırda Bakı-Ağstafa istiqamətində gündə iki reysin icra olunduğunu xatırladıb. Bakı-Balakən gecə qatarının bu ildən etibarən bərpa edildiyini söyləyən R.Ağamirzəyev deyib ki, həftənin şənbə günü Bakı-Qəbələ istiqamətində qatar reysləri hərəkət edir: “Həmçinin Abşeron dairəvi dəmir yolunda gündəlik 37 min sərnişin daşınır. Yaxın 5 il ərzində bu rəqəmin 4-5 dəfə artırılması və Abşerondakı fərqli yaşayış məntəqələrində dəmir yolu əlaqəsinin bərpa olunması nəzərdə tutulub”.
Müsahibin sözlərinə görə, həmçinin sərnişin və yük daşımada xətlərin ayrılması da planlaşdırılır: “Digər önəmli layihələrdən biri olan Tağıyev-Qaradağ dəmir yolu xəttinin inşası Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yük trafikinin şəhərə daxil olmadan hərəkətini təmin edəcək. Düşünürəm ki, burada böyük bir layihələrin icrası nəzərdə tutulub. Azərbaycanın Şərq-Qərb dəhlizi, orta dəhliz üzrə müstəsna əhəmiyyətə malik ölkə olmasını nəzərə alsaq, hər nəqliyyat seqmenti üzrə şəxaləndirmə önəmlidir. Burada həm hava, həm dəniz, həm də dəmir yolunun şəxaləndirilməsinə ehtiyac var ki, yük trafikinin sərnişin trafikinə mane olmadan hərəkəti təmin olunsun. Bu da yaxın illərdə düşünürəm ki, nəzərdə tutulmuş layihələrdəndir. Hesab edirəm ki, ilkin olaraq ölkədaxili gecə qatarları sürəti zəif olsa belə, bütün istiqamətlərdə bərpa olunmalıdır. Yollar təkmilləşdirildikcə, gecə qatarlarını saxlamaqla gündüz qatarlarını da artırmaq lazımdır”.
İsmayıl Bakuvi