Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.

Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, Bakıda 10 yeni metro stansiyasının istismara verilməsi tıxacların azalmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Onun sözlərinə görə, hazırda bənövşəyi xətt üzrə Cəlil Məmmədquluzadə küçəsində bir stansiya yarımçıqdır: “O stansiyanı tamamlayacaqlar. Qış parkının yanında, misal üçün Füzuli küçəsi, Şəmsi Bədəlbəyli küçəsində bir stansiya olacaq. Daha sonra növbəti stansiya Xətai metrosu istiqamətinə gedir və oradan Ağ Şəhər istiqamətinə keçir və Ağ şəhərdə bənövşəyi xətt bitir. Yaşıl xətt isə Xətai metrosundan davam edir və Həzi Aslanov stansiyasının bərabərinə gedir. Çünki Bakı metropolitenin inkişaf planında var ki, Həzi Aslanov stansiyası keçid stansiyası olacaq. Həzi Aslanov stansiyası qırmızı xətt sayılacaq, qırmızı xətdən yaşıl xəttə keçid olacaq”.

Ekspert bildirib ki, bu ərazilər kifayət qədər genişdir: “Daha sonra bənövşəyi xəttin özünün Xocəsəndə yerləşən deposunun tikintisinin başa çatdırılması planlaşdırılır. Depo olduqdan sonra qatarlar oradan xəttə çıxacaq ki, bu da bənövşəyi xəttin intervalının azalmasına imkan verə bilər. Tutaq ki, o biri xətlərdəki kimi 2-3 dəqiqəlik intervalla işləyə bilər. Nəticədə avtovağzal stansiyasının gücü artacaq və Xırdalan tərəfdən gələn sərnişinlərin bənövşəyi xəttə düşərək şəhəriçi nəqliyyata keçməsi asanlaşacaq. Yaşıl xətt üzrə Cəfər Cabbarlı və 28 May stansiyalarının ayrılması hesabına da interval yaxşılaşacaq və əhatə dairəsi artacaq. Hesablamalara görə, bu işlər görüldükdən sonra Bakı metropolitenindən istifadə imkanları 34-40 faiz arta bilər”.

Ə.Hüseynov vurğulayıb ki, hazırda mövcud olan 27 metro stansiyasına 10 yeni stansiyanın əlavə edilməsi 40 faizə qədər artım deməkdir: “Nəzəri cəhətdən sərnişin axınları da, əlçatanlıq da 40 faiz yaxşılaşmalıdır ki, bu da metro hesabına sərnişinlərin mobilliyi xeyli dərəcədə yaxşılaşdıra bilər”.

Mütəxəssis hesb edir ki, bu tədbirlər tıxacların azalmasına müsbət təsir göstərəcək: “Bu o deməkdir ki, həmin istiqamətlərdə avtomobillə getmək ehtiyacları azalacaq, avtobus marşrutlarının yükü azalacaq və nəticədə şəxsi avtomobillərdən istifadənin və avtobusların azalması hesabına tıxaclar azalacaq. Eyni zamanda Sumqayıtdan, Xırdalandan, Masazırdan şəhərə gələn xeyli insan Avtovağzal, Xocasən stansiyalarında düşüb metro stansiyalarına keçid edə bilərlər. Nəticədə 20 Yanvar metrstansiyasının, “Şamaxinka”nın yükü əhəmiyyətli dərəcədə azala bilər”.