Bakı şəhərində ilkin mənzil bazarında qiymətlərdə azalma müşahidə edilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə edilən rəqəmlərə əsasən verdiyi məlumata görə, oktyabr ayında paytaxt üzrə yeni mənzillərin kvadratmetrinə görə orta qiymət 1 341 manat olub.

Bu, əvvəlki ay ilə (sentyabr) müqayisədə 2,6 faiz az, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə isə 2,2 faiz çoxdur.

Yeni mənzillərin orta qiyməti 175 659 manat olub. Bu, aylıq müqayisədə 1,4 faiz çox, illik müqayisədə isə 8,8 faiz azdır.

Bakıda yüksək dəyərli mənzillərin bir kvadratmetrinə görə qiyməti 2 355 manatı təşkil edib. Qiymətlər aylıq müqayisədə 0,6 faiz, illik müqayisədə isə 9 faizə qədər azalıb.

Orta dəyərli mənzillərin kvadratmetrinə görə qiyməti 1 468 manat olub. Bu, aylıq müqayisədə 2,9 faiz, illik müqayisədə isə 0,5 faiz azdır.

Aşağı dəyərli mənzillərin kvadratmetrinə görə qiyməti isə 984 manatı təşkil edib. Qiymətlər aylıq müqayisədə 5,1 faiz çox, illik müqayisədə isə 1,6 faiz azdır.