Bir Skandinav incisi olan Finlandiya dünyada hər il milyonlarla turistin üz tutduğu bir məkandır. “Statista”nın hesabatına görə, 2021-ci ildə 9 milyona yaxın turist bu Şimali Avropa ölkəsinə səfər edib. Finlandiya heyrətamiz təbiəti, özünəməxsus tarixi adətləri və inkişaf etmiş cəmiyyəti ilə hər zaman dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Dünya Xoşbəxtlik Hesabatında Finlandiya ardıcıl 5-ci ildir ki, siyahıya başçılıq edərək dünyanın ən xoşbəxt ölkəsi seçilir. Xoşbəxtlərin yaşadığı ölkəni gəzmək özü də bir xoşbəxtlikdir. Finlandiyaya səyahətdən danışırıqsa, heç şübhəsiz ilk ağla gələn yerlərdən biri də Laplandiyadır. Ölkənin şimalında yerləşən bu ərazi təsəvvürümüzdə daha çox qış, qar və yeni il ab-havası ilə assosasiya olunur. Əksər oxucuların bunu bildiyinə əmin olsaq da, hər halda bilməyənlər üçün xatırladaq ki, Laplandiya Yeni il bayramının qəhrəmanı olan Santa Klausun vətəni hesab olunur. Ona görə də Finlandiyaya səfər planlaşdıranlar adətən bayramqabağı bu arzularını çin edirlər. 

Statistikaya nəzər salsaq, Laplandiyanı ziyarət edən turistlərin sayı il ərzində 3 milyon civarındadır. Əsrarəngiz Şimal qütb parıltısı, Santa babanın çox ellər dolaşaraq gəldiyi qarlı dağlar, nağıllar aləmini xatırladan evlər, meşələr, marallar və digər təbiət gözəllikləri buranın məxsusi mənzərəsini təşkil edir. Bütün bunlardan sonra ağla gələn ilk sual budur: bəs Yeni ili Laplandiyada keçirmək neçəyə başa gələr? 

Tur şirkətlərinin elanları ilə tanış olarkən, qiymətlərin heç də hər kəs üçün münasib olmadığını görmək olur. Məsələn, dünya ölkələrinə turlar təşkil edən şirkətlərdən biri bayram günü də daxil olmaqla, 3 gecə/4 günlük tur paketini iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutmaqla 1850-2100 avroya təklif edir. Qiymət fərqi otelin şəraitinə və yerləşmə ərazisinə görə dəyişir. Üstəlik elanda o da qeyd olunur ki, viza xərci və xidmət haqqı qeyd olunan qiymətə daxil deyil. 

Laplandiyada gecəsi 80-90 avrodan başlayan, 200-500 avro ilə davam edən ortabab otellər də mövcuddur. Lakin gedənlərin dediyinə inansaq, münasib qiymətli otel nömrələrinin böyük əksəriyyəti artıq noyabrdan etibarən tutulmuş olur. Dekabrda isə burada boş otel nömrəsi tapmaq müşkül məsələdir. Tapılır, amma çox baha. 

Məlum olduğu kimi, Bakıdan Laplandiyaya birbaşa uçuş yoxdur. Heç Helsinkiyə də. Səyahətçilər adətən Bakı-Moskva-Helsinki-Rovaniemi, yaxud Bakı-İstanbul-Helsinki-Rovaniemi marşrutu üzrə hərəkət edirlər. İstanbuldan uçmaq Moskva ilə müqayisədə daha münasib hesab olunur. Bir digər tur operatoru sorğumuza cavab olaraq bildirdi ki, dekabrda, daha konkret desək bayrama yaxın biletlərin qiyməti təbii olaraq baha olur. Bir nəfərin Laplandiyaya gedib qayıtmağının təkcə yol xərci 2000 manata başa gəlir. Biletlər bir neçə ay öncədən alınarsa, yola 300-400 manat daha az xərc çıxmış olar. 

Mövzu ilə əlaqədar teleaparıcı Fərid Rəsulla da həmsöhbət olduq. Fərid ən son keçən ilin dekabrın əvvəllərində sözügedən əraziyə səfər edib. Onun sözlərinə görə, dekabrda Laplandiyaya dünyanın dörd bir yanından on minlərlə turist axın edir. Buna görə də orada məhz indi boş və münasib qiymətli otel tapmaq qeyri-mümkünə bərabərdir. Fərid bildirir ki, yol xərcinin ən yüklü hissəsi Helsinkidən Rovaniemiyə gediş marşrutunun üzərinə düşür, çünki turist mövsümü olduğu üçün biletlərin qiyməti də çox baha olur. Maraq üçün qeyd edək ki, Helsinkidən Laplandiyanın paytaxtına təyyarə ilə 4 saat, qatarla isə 8 saat yol getməlisiniz. Teleaparıcı yekun olaraq vurğulayıb ki, Yeni ili Laplandiyaya qeyd etmək çox bahalı bir istirahət növüdür. Gediş-gəliş bileti, otel xərci, gündə üç dəfə qidalanma və digər əlavə xərcləri də nəzərə alsaq, Yeni ili Santa Klausun vətənində qarşılamaq bir nəfərə təxminən 3-5 min avroya başa gələr.

Bax belə. Bayram ərəfəsini nəzərə alıb sizin üçün qış mövsümünün ən çox arzulanan səyahətini araşdırdıq. Bənzər araşdırmalarımız davam edəcək. Bizi izləməyə davam edin.