Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib.

Qeyd olunub ki, həmin siyahıya daxil olan malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların (işlərin, xidmətlərin) qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir:

“Məcmu tələbin və ya təklifin mövsümi faktorlar səbəbindən artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir. Bəzi mövsümlərdə müəyyən məhsulların istehsal edilməsi mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmi kəskin dəyişir. Mövsümi faktorlardan biri kimi bayram ərəfəsində istehlak bazarında yaranan vəziyyəti nümunə gətirmək olar. Belə ki, bayramöncəsi adətən istehlakçıların iqtisadi davranışlarında müəyyən dəyişikliklər müşahidə edilir və müxtəlif sosial-iqtisadi səbəblərə görə bəzi məhsullara olan tələb həcmi dəyişə bilir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra adətən istehlak bazarında qiymətlərdə azalma qeydə alınır”.

Xidmətdən vurğulanıb ki, bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər: “İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var.  Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi monitorinqlər aparılır və nəzarət tədbirləri həyata keçirilir. Bu sahədə rəqabət qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə, qanunamüvafiq tədbirlər görülür”.

Qeyd edək ki, istehlakçılar və sahibkarlar rəqabət qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

İsmayıl Bakuvi