"Uşaq pulu ilə bağlı bir neçə dəfə məsələ qaldırmışıq. Müharibədən əvvəl bu məsələ hökumətin gündəminə daşına bilmişdi. Hansı şəkildə verilib-verilməyəcəyi müzakirə olunurdu. Təəssüflər olsun ki, hazırda bu məsələ hökumətin gündəmində deyil". 

Bunu açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi məsələsi var. 

"Hazırda neftin qiyməti qalxır və düşməsi üçün əsas yoxdur. Uşaq pulu məsələsinin yenidən gündəmə gəlməsi vacibdir. Azərbaycanda çoxuşaqlı ailələrə, müxtəlif kateqoriyadan olan həssas qruplara müxtəlif vəsaitlər ödənilir. Bütün bunların müqabilində sosial narazılığın dayanmadığını görürük. Hətta o yardımı alanlar belə narazıdır. Müxtəlif formada verilən sosial yardımları uşaqlı ailələrə nisbətdə dayandırmaq, ailələrə uşaq pulu təyin etmək vacibdir. Ölkəmizə qaz və neftdən gəlirlər daxil olur. İnsanların bundan gözləntiləri var ki, onu uşaq pulu şəklində evində görsün. Uşaqlar bizim gələcəyimizdir". 

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu belə əsaslandırdı ki, deyilən şəkildə bu ödəniş verilsə, haradasa 4 milyard manata yaxın vəsait edir. 

"Məsələ burasındadır ki, yeni doğulanlardan 18 yaşına qədər olan uşaqlara bu pul verilsə, deyilən məbləğ olacaq. Onun da yolu var. Belə ki, bunu mərhələli şəkildə etmək olar. Təklif edərdim ki, ilk olaraq 1-3 yaşında uşaqlara həmin ödənişin verilməsi gələn ildən etibarən büdcəyə salınsın. Eyni zamanda bütün yeni doğulan uşaqlara 3 yaşına qədər pulsuz uşaq yeməyi verilməlidir. Bunun üçün məbləğ müəyyənləşdirilə bilər".