Hazırda dünyada ən aktiv iki münaqişə ocağı var. Bunlardan biri Rusiya-Ukrayna, digəri isə Yaxın Şərqdir.
İsrail-Fələstin toqquşması fonunda Rusiya-Ukrayna müharibəsi arxa fona keçib. Avropa ölkələri, xüsusilə ABŞ üçün öncəlik İsrail-Fələstin toqquşmasıdır. HƏMAS-ın hücumundan əvvəl də bəzi Avropa ölkələri Ukraynaya yardım etməkdən imtina edəcəklərini açıqlamışdı. Müharibənin sürünən fazaya keçməmiş dövründə belə bəzi ölkələr silah anbarlarının boşaldığını dilə gətirmişdi.
ABŞ-də də artıq Ukraynaya yardımı dayandırmaqla bağlı fikirlər səslənməyə başlayıb. HƏMAS-ın hücumunun arxasında Rusiyanın olması barədə fikirlərə də rast gəlirik. Məsələ ondadır ki, bunlar o qədər də real sayılmır. Ancaq HƏMAS-ın hücumu ən çox Rusiyaya sərf edir desək, yanılmarıq. Rusiya hətta Yaxın Şərqdəki toqquşmadan yararlanaraq əks hücumlar həyata keçirməyə başladı. Düzdür, bu hücumlar hələki ciddi effekt vermir, ancaq hər halda müdafiədə dayanan rus ordusu artıq hərəkətə keçməyə qərar verib. Ruslar bəzi istiqamətlərdə cəbhəni yarmağı bacarıb, ancaq Ukrayna ordusu tələlər və pusqular quraraq qarşı tərəfə itkilər verdirib. Maraqlıdır ki, Co Baydenin bildirdiyinə görə, Rusiya Ukraynada uduzub. Putinin buna cavabı çox gecikmədi. Putin Baydenə cavabında belə deyib: "Rusiya müharibədə uduzubsa, ATACMS göndərirlər?" Faktiki olaraq müharibə Ukrayna ərazisində gedir.
Ukrayna tərəfi uzun müddətdir ki, Qərbdən F-16 tələb edir. Məsələ ondadır ki, Qərb Ukraynaya silahları xəsisliklə verir. Ona görə də, Ukraynanın əks hücumu effektiv olmadı. Vəziyyət bu cür davam edərsə, Ukraynanın Krımı geri almaq arzusu da puç olacaq.
İsrail-Fələstin toqquşması gözlənildiyinin əksinə olaraq uzanır. İlk başda bütün dünya HƏMAS-ı hədəf alsa da, İsrail tərəfinin raket zərbələrindən və çoxlu sayda mülki əhalinin ölməsindən sonra rəsmi Təl-Əviv hədəfə çevrilib. İsraillə münasibətləri normallaşdırmaq istəyən ərəb ölkələri belə bu prosesə son verib. İddialar var ki, İsrail quru əməliyyatına start versə, ərəb ölkələri və ya İran hərbi müdaxilə edə bilər. İranın hərbi müdaxilə ehtimalı çox aşağıdır. Ancaq İran proksi qüvvələrini əraziyə yönləndirə bilər. Çox maraqlıdır ki, İsraillə Fələstin arasındakı qarşıdurmanın bitməsi üçün heç bir addım atılmır. BMT belə "narahatıq"dan o yana mövqe bildirə bilmir. Yalnız Türkiyə toqquşmanın dayanması yönündə çağırışlar edir. Türkiyənin çağırışı isə hazırda heç bir effekt vermir.
Sanki daha böyük güclər vəziyyətin daha da qəlizləşməsini istəyirlər. Belə olan halda İsrail-Fələstin toqquşması digər regionlara da sıçraya bilər. Ərəb ölkələrinin prosesə qarışması isə Üçüncü Dünya Müharibəsini qaçınılmaz edə bilər.
Dünyada gedən proseslərin fonunda Cənubi Qafqazda gedən proseslər də sürətlə inkişaf edir və dəyişir. Gürcüstanda siyasi proseslər gərginləşmə mərhələsinə qədəm qoyub. Prezidentin məhkəmənin impiçment qərarını qəbul etməyəcəyini bəyan etməsi vəziyyəti daha da qəlizləşdirib. Rusiya ilə Ermənistan arasındakı gərginlik isə artan xəttlə davam edir. Paşinyanın Avropa parlamentində ayaq üstə alqışlanılmasını Rusiya Zelenski ilə müqayisə edib. Rusiya Ermənistanı ya yenidən forpostu olmağa məcbur edəcək, ya da Paşinyanı devirəcək. Moskvanın son reaksiyaları məhz Paşinyan üzərindən olduğu üçün ikinci variant üzərində işləniləcəyi daha aydın görünür.
Dünyada toqquşmalar, gərginliklər fonunda Azərbaycan Qarabağ münaqişəsinə son qoymuş oldu. Azərbaycan sahədə öz işini tamamilə yekunlaşdırdı. Məsələ ondadır ki, Fransa və ABŞ problemin bitməsi ilə barışmır. Xüsusilə Fransa Azərbaycana qarşı beynəlxalq qurumlarda fəaliyyət göstərir. Burada ABŞ-nin mövqeyi də çox maraqlıdır. Münaqişənin bitməsi üçün vasitəçi olduğunu bəyan edən, vasitəçilərsiz sülh sazişi bağlanılmasını bildirən ABŞ prosesi körükləməkdədir. Öz xoşu ilə köçüb gedənlər məcburi köçkün adlandırılır, onların geri qayıtması ilə bağlı təzyiqlər edilir. Fransa və ABŞ-nin artan təzyiqləri fonunda Rusiyanın sülhməramlılarla bağlı da fikrində dəyişiklik görünür. Rusiya tərəfi əgər indiki məqamda sülhməramlıları ərazidən çıxarsa və Qarabağdan öz xoşu ilə gedənlərin geri qayıtma prosesi başlasa, əraziyə beynəlxalq missiyanın gəlmə ehtimalı ortaya çıxa bilər. Belə məqamda Rusiyanın gözləmə mövqeyində dayanacağı gözləniləndir.
Səxavət Məmməd