“YAŞAT” marafonuna start verildiyi 29 aprel tarixindən bu günə qədər bir milyon manatdan artıq vəsait toplanıb”.

Bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov “YAŞAT” marafonun başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb.
O qeyd edib ki, “YAŞAT” marafonu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb:

“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünya azərbaycanlılarını “dəmir yumruq” ətrafında birləşdirmək olub”.

Fond rəhbəri əlavə edib ki, 25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib:

“Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış ediblər. Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 “Skype” bağlantısı reallaşıb. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub”.