Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibindəki “YAŞAT” Fondunun şəhid ailə üzvlərinin və yaralıların müayinə və müalicə xidmətləri, eləcə də onların dərman preparatları ilə təminatı ilə bağlı ötən il sərf olunan tibb xərclərin bir hissəsi açıqlanıb.
İqtisadiyyat.az bununla bağlı apardığı araşdırmaya əsasən, Fondun bu istiqamətdə bir sıra şirkətlərə etdiyi ödənişlərlə bağlı məlumatlar ictimaiyyətə təqdim olunub.
Fond ötən il ərzində müraciət edən şəhid ailə üzvlərinin və yaralıların müayinə və müalicəsi ilə bağlı “Dünya Göz” klinikası ilə (“Dünya Göz Azərbaycan” MMC) dəyəri 1 400 manatlıq müqavilə bağlayıb.
Bundan əlavə, “YAŞAT” Fondu şəhid ailə üzvləri və yaralılara müayinə və müalicə xidmətləri çərçivəsində “İNK İnternational İnşaat ve İthalat İhracat Limited Şirketi Acilyolcu Turizm” şirkətinə 24 636,43 manat ödəniş edib.
2024 və 2025-ci illər ərzində müraciət edən şəhid ailə üzvlərinin və yaralıların Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müayinə və müalicəsi 4 000 manata başa gəlib.
Eyni zamanda, 2025-ci il üçün müraciət edən şəhid ailə üzvlərinin və yaralıların “Bona Dea”da müayinə və müalicəsi 35 144,92 manata başa gələcək.
“YAŞAT” Fondu həmçinin 2024-cü ilin iyul, noyabr və dekabr ayları ərzində müraciət edən şəhid ailə üzvləri və yaralılar üçün dərman preparatlarına görə “Dokta” apteklər şəbəkəsinə 624 212,02 manat, “Buta Farm”a 112 449,26 manat və “Azəri Med”ə isə 8 060,7 manat ödəniş edib.
Qeyd edək ki, indiyədək “YAŞAT” Fondunda 93 063 616,48 manat vəsait toplanıb. Onun 27 177 132,76 manatı fiziki şəxslər, 65 886 483,72 manatı isə hüquqi şəxslər tərəfindən ianə edilib. Fonda toplanan vəsaitin 88 094 627,08 manatı xərclənib. Hazırda “YAŞAT” Fondunda 4 968 989,4 manat vəsait qalır.