Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi “Volvo FH12” markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmiş - 14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd “iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max” markalı mobil telefonlar aşkar olunub.

Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457 300 (dörd yüz əlli yeddi min üç yüz) manat təşkil edir.