İqtisadiyayt.az banka istinadən xəbər verir ki, 2025-ci ilin I rübündə “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.7% azalaraq 2 milyon 280 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 2 milyon 472 min manat xalis mənfəət əldə etmişdi.

Faiz gəlirləri və faiz xərcləri artıb

Hesabat dövründə bankın faiz gəlirləri 8.1% artaraq 11 milyon 537 min manat, faiz xərcləri isə 2.1 dəfə artaraq 2 milyon 12 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 6 milyon 461.9 min manata ( illik müqayisədə 18.3% çox), qeyri-faiz xərcləri isə 11 milyon 590.6 min manata ( illik müqayisədə 4.1% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 4.4 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 10% azdır.

I rübdə bankın aktivləri kəskin azalıb

Cari ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 23.3% və ya 170.3 milyon manat azalaraq 560.1 milyon manata enib. Cari ilin ilk 3 ayında “Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1% və ya 3 milyon manat artaraq 320 milyon 602 min manata bərabər olub.

Bu dövrdə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 447.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 27.9% və ya 173 milyon manat azdır.

Üç ayda “Yapı Kredi Bank Azərbaycan”dan 150 milyon manata yaxın depozit geri çəkilib

Fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 16.4% və ya 17.6 milyon manat azalaraq 89.2 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 30.4% və ya 130.1 milyon manat azalaraq 297 milyon 870 min manata enib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk üç ayında 27.6% və ya 147.8 milyon manat manat azalaraq 387.1 milyon manat təşkil edib.

Hesabat dövründə bankın, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 46.7 milyon manata bərabər olub.

Bankın kapitalı artıb

2024-cü il aprel ayının 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.5% və ya 2.7 milyon manat artaraq 112 milyon 672 min manat təşkil edib.