Cari ilin yanvar ayı ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 54 min 139 şəxs qəbul edilib və onlara 107 min 170 sayda xidmət göstərilib ki, bunlardan 27 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 36 minə yaxını isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, yanvar ayı ərzində göstərilmiş ümumi elektron xidmətlərin 89%-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Asan İmza sertifikatlarının verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Vergi ödəyicisinə arayışların verilməsi.

Dövr ərzində 438 vergi ödəyicisinin iştirakı ilə 36 görüş keçirilib, 408 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 5,5 min yazılı müraciət cavablandırılıb, 2 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), vergi ödəyicilərinin mobil nömrələrinə 323 mindən çox SMS göndərilib.

Yanvar ayında ümumilikdə 20 min 452 müraciət üzrə 30 min 992 “ASAN İmza” sertifikatı verilib. Həmçinin 1300-dən çox vergi ödəyicisinə qüvvədə olan “ASAN İmza” ilə mövcud sertikatın yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə “ASAN İmza” sertifikatı təqdim olunub.