2022-ci ilin 10 ayında DOST mərkəzlərində 520,5 min şəxsə xidmət göstərilib. Xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faiz olub.

Bu barədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahə üzrə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verib.

Ümumilikdə ötən dövrdə DOST mərkəzlərdə 1 milyon 172 minədək vətəndaşa müraciətləri üzrə xidmətlər göstərilib.

Bu il DOST Agentliyi 6 beynəlxalq mükafatla təltif edilib, habelə DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib. Agentlik bu il dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına da layiq görülüb.

DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi əsas hədəflərdən biridir. Hazırda Naxçıvan, Xətai, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Şuşada da DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır.

İşğaldan azad edilmiş ərazilərimiz üzrə də DOST infrastrukturu yaradılır və bu sahədə ilk addım kimi, 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ölkəmizdə ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib.