Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2023-cü ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 12 milyard 269,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 239,4 milyon dollar, idxalın dəyəri 4 milyard 29,9 milyon dollar təşkil edib, nəticədə 4 milyard 209,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a bildirilib ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0,1 faiz, real ifadədə 5,1 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac isə 2,4 faiz artıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 90,0 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsrail, İspaniya, Yunanıstan, Hindistan, Rumıniya, Çexiya, Fransa, Gürcüstan, Türkmənistan, Avstriya, İran, Qazaxıstan, Vyetnam, ABŞ, İndoneziya və İrlandiya ilə aparılmış ticarət əməliyyatlarının, eləcə də ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,8 faizi Rusiyanın, 14,6 faizi Çinin, 14,0 faizi Türkiyənin, 5,5 faizi Fransanın, 5,0 faizi Almaniyanın, 4,7 faizi Türkmənistanın, 3,2 faizi İranın, 2,7 faizi İtaliyanın, 2,6 faizi ABŞ-ın, 2,5 faizi Qazaxıstanın, hər biri 1,9 faiz olmaqla Yaponiya və Koreyanın, 1,8 faizi Belarusun, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukraynanın, 1,3 faizi Hindistanın, 1,1 faizi Braziliyanın, 1,0 faizi Polşanın, 0,9 faizi Vyetnamın, hər biri 0,8 faiz olmaqla Özbəkistan və Niderlandın, 10,9 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, mineral məhsulların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, bitki mənşəli məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxal olunan malların 62,1 faizini avtomobil, 15,3 faizini dəmir yolu, 9,9 faizini hava, 8,7 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 4,0 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2023-cü ilin yanvar-mart aylarında mühüm məhsul növlərindən buğda idxalı 94,8 faiz, təzə meyvə 1,6 faiz, xam şəkər 2,7 faiz, şokolad və şokolad məhsulları 11,8 faiz, unlu qənnadı məmulatları 4,9 faiz, çay 7,0 faiz, quş əti və onun əlavə məhsulları 25,5 faiz, mal əti 28,4 faiz, minik avtomobilləri 20,9 faiz, dərman vasitələri 16,1 faiz, polad prokatı 2,2 dəfə, qara metallardan borular 14,8 faiz, rezin şinlər 0,7 faiz, sintetik yuyucu vasitələr 19,2 faiz, mebellər 17,9 faiz, polietilen 70,1 faiz, yük avtomobilləri 35,2 faiz, qara metallardan çubuqlar 8,1 faiz, mineral gübrələr 40,9 faiz, paltaryuyan maşınlar 18,3 faiz, qara metallardan künclüklər 35,3 faiz, polipropilen 15,3 faiz, məişət soyuducuları 39,8 faiz artıb. Həmçinin bitki yağları idxalı isə 33,1 faiz, kərə yağı, digər süd yağları və pastaları 9,1 faiz, kartof 7,6 faiz, təzə tərəvəz 6,3 faiz, siqaretlər 40,3 faiz, hesablama maşınları, blok və qurğuları 11,9 faiz, məişət kondisionerləri 16,6 faiz, avtobuslar 48,9 faiz, sement 8,2 faiz azalıb.

Cari ilin yanvar-mart aylarında ölkəyə 19264 ədəd minik avtomobili, 1368 ədəd yük avtomobili, 46 ədəd avtobus idxal olunub. İxracın 37,0 faizini İtaliyaya, 13,7 faizini Türkiyəyə, 5,8 faizini İsrailə, 5,1 faizini İspaniyaya, 4,8 faizini Yunanıstana, 4,1 faizini Hindistana, 3,8 faizini Rumıniyaya, 3,5 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Almaniyaya, 3,2 faizini Gürcüstana, 2,0 faizini Avstriyaya, 1,2 faizini İrlandiyaya, hər biri 1,1 faiz olmaqla Sinqapur, İndoneziya və Vyetnama, 0,9 faizini Fransaya, 0,8 faizini Portuqaliyaya, 0,5 faizini Çinə, hər biri 0,4 faiz olmaqla Bolqarıstan, İsveçrə və Qazaxıstana, 2,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Yanvar-mart aylarında ixracın 89,2 faizi boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 4,9 faizini avtomobil, 4,6 faizini dəmir yolu, 0,9 faizini hava, 0,4 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstün olub.

Bu ilin yanvar-mart aylarında 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 14,3 faiz, meyvə və tərəvəz konservləri 76,4 faiz, meyvə və tərəvəz şirələri 64,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2,9 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar 2,3 faiz, polipropilen 80,3 faiz, polietilen 21,1 faiz, mineral gübrələr 17,2 faiz, emal olunmamış alüminium 0,8 faiz, pambıq ipliyi 14,8 faiz, qara metallardan borular 20,0 faiz artıb. Təzə meyvə ixracı isə 2,2 faiz, təzə tərəvəz 14,5 faiz, tütün 49,9 faiz, çay 49,1 faiz, bitki yağları 82,1 faiz, kartof 4,8 faiz, pambıq lifi 47,2 faiz, sement klinkerləri 4,2 faiz, bentonit gili 15,1 faiz, qara metallardan çubuqlar 58,6 faiz, qara metallardan yarımfabrikatlar 74,3 faiz azalıb.

Cari ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon dollara bərabər olub. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,3 faiz), Rusiyaya (22,0 faiz), Gürcüstana (12,0 faiz), İsveçrəyə (3,3 faiz), Qazaxıstana (3,0 faiz), Ukraynaya (2,6 faiz), Türkmənistana (2,4 faiz), İtaliyaya (1,8 faiz), Rumıniyaya (1,3 faiz), Özbəkistana (1,2 faiz), Belçikaya (1,2 faiz), Almaniyaya (1,2 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.