Bu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac, 164 ölkədən isə idxal olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9850,6 milyon dollar, idxalın dəyəri isə 7015,6 milyon dollar təşkil edib. Nəticədə 2835,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2%, o cümlədən idxal 50,5% artıb, ixrac isə 1,4% azalıb. Real ifadədə isə dövriyyə 6,5%, o cümlədən idxal 19,6%, ixrac 0,4% artıb.