Hazırda Dubayda davam edən Dünya Hökümət Sammitinə qatılan Amerikalı iş adamı İlon Maskın yadplanetlilərlə bağlı fikirləri maraqla qarşılanıb. 

İqtisadiyyat.az bildirir ki, bir neçə gün öncə ABŞ qüvvələrinin Kanada sərhəddində naməlum obyekt vurması ilə bağlı yönləndirilən suala İlon Mask "Onların yadplanetli olduğunu düşünmürəm" deyə cavab verib:

"Əgər kainat elmin dediyi kimi 13,8 milyard yaşındadırsa, onda yadplanetlilər haradadır? İndi onlar hər yerdə olmalı idilər. Kosmik texnologiya araşdırmalarında yadplanetlilərə və onların texnologiyalarına dair heç nə görməmişəm. Düşünürəm ki, heç kimin kosmik texnologiya ilə bağlı məndən çox fikri yoxdur".

Qeyd edək ki, bu, İlon Maskın yadplanetlilərlə bağlı ilk çıxışı deyil. Bir müddət əvvəl o, Tviterdə bir istifadəçinin "Mask yadplanetlidir" rəyinə zarafatyana cavab verərək bir gün insanların da başqa dünyaları gəzə biləcək yadplanetli olacağına ümid etdiyini yazıb.