"Xəzər regionundan qaz tədarükü Avropa İttifaqındakı (Aİ) enerji bazarının dayanıqlı olmasına təkan verə bilər".

Bunu “Report”un Şərqi Avropa bürosuna Slovakiya İxracatçılar Şurasının baş eksperti Yozef Hrabina bildirib.

O, bunu son vaxtlar Qərb ilə Rusiya arasında artan gərginlik nəticəsində Aİ qaz bazarının şaxələndirilməsinin daha mühüm əhəmiyyət kəsb etməyə başlaması ilə əlaqələndirib: "Bununla yanaşı hazırda yaşıl transformasiya planları çərçivəsində kömür əvəzinə ətraf mühiti az kirləyən qaz və digər enerji mənbələrinin tətbiqi də sözügedən məsələ baxımından mühüm əhəmiyyət daşıyır".

Ekspertin fikrincə, Avropa İttifaqı bazarına çıxarılan Azərbaycan qazı o qədər çox olmasa belə, Aİ-də qaz istehlakının azaldığı dövrlərdə strateji ehtiyatlar yaradılacağı təqdirdə regionun enerji sarıdan daha dayanıqlı olmasına təkan verəcək.

Y.Hrabina Azərbaycanı İtaliyanın cənub bölgəsinə bağlayan qaz kəmərləri silsiləsindən ibarət Cənubi Qaz Dəhlizi ilə hər il Avropaya 10 milyard kubmetr qaz ixrac edildiyini xatırladıb.

Hələlik alternativ mənbələrdən Avropaya qaz tədarükünün regionda Rusiya qazının mövqeyinə böyük təsir etmədiyini qeyd edən ekspert, bununla belə, alternativ nəql marşrutların və mənbələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.