Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov Xəzər sahillərində 2500-dən çox suiti cəsədinin tapılması ilə bağlı öz qənaətini bölüşüb. Onun sözlərinə görə, suitilərin ölümünə səbəb sualtı seysmik fəaliyyət nəticəsində metan qazının buraxılması ola bilər. Mütəxəssis hesab edir ki, əgər dənizə kimyəvi və ya digər zərərli maddələr dağılmış olsaydı, təkcə suitilər deyil, digər canlılar da ölmüş olardı. İndiki halda isə bu hadisənin daha çox təbiətdən qaynaqlandığı ehtimal edilir. Güman ki, seysmik aktivlikdən dənizə yayılan metan qazı suitilərin boğulmasına səbəb olub.