Bir neçə gündən sonra 20 Yanvar faciəsinin 35-cü ildönümü tamam olur. Bu qanlı faciə həm də bir qəhrəmanlıq nümunəsidir. Bu qanlı faciə insanlığa qarşı törədilən bir cinayət olmaqla yanaşı Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir. 20 Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu günahsız, əliyalın insanları vəhşicəsinə qətlə yetirməklə xalqımzın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq istəyirdi. Lakin bu hadisə heç bir azərbaycanlının mübarizlik ruhunu, əzmini və inamını qıra bilmədi. Əksinə, xalqımız mübarizəyə daha böyük əzmlə davam etdilər və milyonlarla insan bu vəhşiliyə qarşı birləşərək öz azadlıq istəklərini reallığa çevirdilər.

Milli Məclisin deputatı Sevinc Hüseynova İqtisadiyyat.az-a bildirib ki, 1990-cı il 20 Yanvar faciəsinə gedən yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.

O xatırladıb ki, 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi: “1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən keçmiş “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında sovet qoşunlarının yeridilməsinə səbəb olub”.

Deputat söyləyib ki, 1990-cı ilin yanvarın 20-də törədilən hadisə Azərbaycan xalqının iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və keçmiş “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı: “Ona görə də, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Ümumilikdə, respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Xalqımıza qarşı bu cür qanlı qırğının törədilməsi əvvəlcədən hazırlanmış məkrli plan olub. Bu məqsədlə həmin dövr Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilib”.

S.Hüseynova vurğulayıb ki, o dövr bütün təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymətini verib: “Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb edib. Ümummilli Lider 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedib. Bu qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa edib. Sonrakı dövrdə ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi”.

Milli Məclisin deputatı Samir Vəliyev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, 20 Yanvar Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Onun sözlərinə görə, bu, həm də xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir:

“Məlumdur ki, keçmiş SSRİ-nin çöküş ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ-nin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi”.

Deputat bildirib ki, 35 il əvvəl törədilmiş bu qətliam, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş qanlı cinayət idi: “O da qeyd olunmalıdır ki, Sovet ordusunun cinayətləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən müəyyən addımlar atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar”.

S.Vəliyev vurğulayıb ki, Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 2 milyona yaxın insanın iştirakı ilə yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi: “Bütün bu hadisələr fonunda Azərbaycanın müstəqilliyi ideyası ümummilli amala çevrildi. Bu amal uğrunda xalqımızın müstəqillik uğrunda mübarizəsi daha geniş vüsət alaraq məntiqi sonluğuna çatdı. Ümumiyyətlə, 20 Yanvar hadisəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Belə ki, dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bu təşkilatlanma prosesi zamanı qanlı yanvarla bağlı həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinə çatdırıldı, həmçinin soydaşlarımızın müstəqillik ideyaları ətrafında daha sıx birləşməsini şərtləndirdi. Belə ki, çox keçmədən xalqımızın müstəqillik ideyası ətrafında sıx birləşməsi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi”.

“Xüsusi vurğulanmalıdır ki, 20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltdı, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan əməl kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Ulu Öndər Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı”, - deputat əlavə edib.

S.Vəliyev söyləyib ki, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz Ümummilli Lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi: “Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsinin qurbanları da istisna deyil. Dövlət başçısı tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Beləliklə, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf yolunda addımlayan, Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edən, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müasir müstəqil Azərbaycan dövləti hazırda dünyanın ən nüfuzlu ölkələri sırasındadır. Hər bir vətəndaş öz güclü dövləti ilə fəxr edir, müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu isə şaddır”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanıb.