“Xalq Bank”ın biznes kreditləri üzrə portfeli bu ilin əvvəlinə 30 mln. manatdan çox azalıb. 

İqtisadiyyat.az xəbər verir ki, bankın sözügedən kredit portfeli 2023-cü ilin IV rübündə 1 mlrd. 230,1 mln. manat təşkil edib.

Bu da III rüblə müqayisədə 30,2 mln. manat və ya 2% azdır. Ötən ilin III rübündə bu rəqəm 1 mlrd. 260,4 mln. manat təşkil edib.

Hesabat dövründə bankın biznes kreditləri ilə yanaşı, daşınmaz əmlak kreditlərinin də həcmində böyük miqdarda azalma müşahidə edilib.

Belə ki, III rübdə danışmaz əmlak kreditlərinin həcmi 352,9 mln. manat təşkil etdiyi halda bu ilin əvvəlinə bu rəqəm 288,3 milyon manata kimi enib. Başqa sözlə, portfel 64,6 mln. manat və ya 18,3% kiçilib. 

Bu dövrdə “Xalq Bank” daha çox istehlak kreditlərinə fokuslanmağa başlayıb. Belə ki, bankın istehlak kreditlərinin həcmi ötən ilin III rübündəki 272,8 milyon manatdan bu ilin əvvəlinə 361,4 mln. manata yüksəlib. Bu isə 3 ayda bankın istehlak kreditlərinin 32,5% və ya 88,6 mln. manat artması deməkdir.

Biznes və daşınmaz əmlak kreditləri üzrə kəskin azalma bankın ümumi kredit portfelinin artım dinamikasını yavaşladıb. Belə ki, “Xalq Bank”ın ümumi kredit portfeli isə III rüblə müqayisədə IV rübdə cəmi 2,3% artaraq 1 mlrd. 879,8 mln. manata bərabər olub. 

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,8 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 33,85%-i isə "Euro Standard" MMC-yə, 16,15%-i isə FOTON şirkətinə məxsusdur.