Son günlər “WhatsApp” və “Telegram” sosial şəbəkələrində istifadəçilərin hesablarına kiberhücumlar intensivləşib. Qeyd olunan sosial şəbəkələrin Azərbaycan seqmentində bir neçə istifadəçisi hesablarının ələ keçirildiyini iddia edir. İstifadəçilər “WhatsApp” və “Telegram” hesablarının bloklanmasından və yaxud oğurlanaraq müxtəlif məqsədlər üçün istifadə edilməsindən narahatlıqlarını bildirirlər. Hətta bəzi istifadəçilərin “WhatsApp” hesabları ələ keçirildikdən sonra kontaktındakı şəxslərdən müəyyən vəsaitlər istənilir.
İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, “WhatsApp” və ya digər anlıq mesajlaşma proqramlarının, həmçinin sosial şəbəkələrin ələ keçirilməsi cəhdləri ölkəmizdə yeni hal deyil.
O, bu halın intensiv olaraq davam etdiyini xatırladıb. Ekspert bildirib ki, bununla bağlı anoloji təcrübələr kifayət qədər çoxdur: “Bir müddət hətta sosial şəbəkə hesablarına hücum daha kütləvi xarakter almışdı. Sosial mediada hər kəs bu barədə öz şikayətlərini yazırdı. Ümumiyyətlə, bu tip hücumlar davam edir və görünür ki, hələ davam edəcək. Çünki bunun arxasında insan faktoru var. Hesablar ələ keçirilir və onların geri qaytarılması qarşılığında pul istənilir. Yaxud da hesablar ələ keçirilərək başqa məqsədlər üçün istifadə olunur. Həmçinin hesablarda olan digər kontaktlara da fişinq hücumlar atılaraq onların da hesablarının ələ keçirilməsinə cəhdlər olunur”.
Mütəxəssis hesabların bu cür kiberhücumlardan qorunma yollarından da danışıb. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün əsas yöntəm ikli təhlükəsizlik funksiyasını aktivləşdirməkdir: “Əgər insanlar ikili təhlükəsizliyi aktivləşdirsə, o zaman hesablar ələ keçsə də, onların kontaktları, yazışmaları və şəxsi məlumatları xakerlər və dələduzlar üçün əlçatan olmayacaq. Bir daha vurğulayıram, hesabların təhlükəsizliyinin qorunması üçün əsas tövsiyə etdiyimiz məqam ikili təhlükəsizliyin aktivləşdirilməsidir”.
E.Abbasov bildirib ki, anlıq mesajlaşma və sosial şəbəkə hesabları artıq birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kod (OTP) gəlmədən də oğurlana bilir: “Yəni xaker və dələduzlar üçün artıq belə hesabların ələ keçirilməsi daha rahatdır. Buna görə də vətəndaşların, sosial şəbəkə istifadəçilərinin kifayət qədər ehtiyatlı olmaları tövsiyə olunur. Onlara tanımadıqları insanlardan mesajları qəbul etməmələri, göndərilən linklərə klikləməmələri tövsyiə olunur. Çünki onlar fişinq linkləri ola bilər və fişinqlərə məruz qaldıqda həm anlıq mesajlaşma, həm də sosial şəbəkə hesabları, eləcə də istifadəçinin bank məlumatları ələ keçirilə bilir. Vətəndaşlar diqqətli olsunlar və ikili təhlükəsizliyi aktivləşdirsinlər”.
Sadiq Cavadov