2024-cü ilin fiskal proqnozlarında büdcə qaydasının hər iki hədəfi diqqətdə saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, təqdim edilmiş məlumatlara əsasən aparılan hesablamalar 2024-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 22,2% proqnozlaşdırıldığını göstərib: “Bu da müvafiq göstəricinin büdcə qaydası çərçivəsində (24,0%) olduğunu deməyə əsas verir. Qeyd edək ki, əvvəlki ilin büdcə proqnozlaşdırılmasında büdcə qaydasına riayət edilməsinə əlverişli şərait yaradan amillərdən 2-si (qeyri-neft gəlirlərinin və qeyri-neft ÜDM-in artımı) üzrə müsbətyönlü töhfə cari büdcə proqnozlarında aktuallığını saxlayıb. Borca xidmət xərclərinin xərc komponentinə yenidən qaytarılması, məqsədli büdcə fondlarının qalıq vəsaitinin gəlir komponentindən çıxarılaraq kəsirin maliyyələşdirilməsinə, neft sektoru üzrə dividendlərin neft gəlirlərinə aid edilməsi isə əvvəlki ilə nəzərən kəsirə artırıcı təsir edib”.

Vüqar Gülməmmədov qeyd edib ki, büdcə qaydasının digər göstəricisi - dövlət borcunun ÜDM-ə nisbətidir: “2023-cü ilin 1 iyul tarixi vəziyyətinə dövlət borcunun məbləği 16151,0 mln. manat olmaqla ÜDM-ə nisbəti 14,5% təşkil etmişdir ki, bu da müvafiq nisbətin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədd çərçivəsində olduğunu göstərir. Qeyd edək ki, il sonu və növbəti il üçün borc göstəricilərinin proqnozlaşdırılmasında da fiskal qaydanın hədəfləri gözlənilib”.