İqtisadiyyat.az-ın xəbərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.

Məlumata görə, təmir-bərpası işləri Viləşçay su anbarının II növbəsinin tikintisinin texniki-iqtisadi əsaslandırılması və layihə smeta sənədlərinin hazırlanması əsasında davam etdiriləcək.

Qurum sözügedən işlərin icrasına 6.448.053,38 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Viləşçay su anbarı əkinlərin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə tikilib və 1986-cı ildə istismara verilib.

Masallı rayonunda Viləşçayın üzərində tikilən su anbarının həcmi 46,0 mln. m³, topaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulub.

Rayon ərazisində mövcud olan 24 min 964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsi ilə hazırda 9900 hektara yaxın əkin sahələri suvarılır.