Bu gün Naxçıvanın maliyyə naziri Rəfael Əliyev həbs edıilib.

“Qafqazinfo” bildirir ki, Rəfael Əliyev vəzifədə olduğu müddətdə həbs olunan azsaylı nazirlərdəndir. Buna qədər isə cəmi iki nəfər – sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev - vəzifədə olduğu müddətdə həbs olunmuşdu.

Sabiq səhiyyə naziri Əli İnsanov

1993-cü ildən başlayaraq 12 il Azərbaycanın səhiyyə naziri olan Əli İnsanov 2005-ci ildə vəzifədə olduğu dövrdə həbs edilib. O, 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçki ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla saxlanılıb, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə yeni ittihamlarla onun həbs müddəti 7 il 5 gün artırılıb. Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamı ilə 2019-cu ildə azadlığa buraxılıb.

Sabiq iqtisadi inkişaf naziri - Fərhad Əliyev

2001-ci ildə iqtisadi inkişaf naziri təyin edilən Fərhad Əliyev dörd il sonra həbs edilib. Belə ki, 2005-ci il oktyabrın 19-da parlament seçkisi ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. 25 oktyabr 2007-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Yuxarıda adıçəkilən şəxslərdən başqa, nazir olan, lakin bu vəzifədən çıxarıldıqdan sonra həbs olunanlar da var.

Onların sırasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sabiq baş nazirlər Sürət Hüseynov, Pənah Hüseyn, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq müdafiə naziri Rəhim Qazıyev, sabiq milli təhlükəsizlik nazirləri Fəxrəddin Təhməzov, Nəriman İmranov, sabiq maliyyə naziri Fikrət Yusifov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayevin adlarını çəkmək olar.